İndoneziya polisi beynəlxalq uşaq alveri şəbəkəsini ifşa edib. Aşkarlanan məlumata görə, bəzi körpələr hələ ana bətnində olarkən “bron” edilib və 2023-cü ildən bəri azı 25 körpə Sinqapurda təxminən 600 dollara alıcılara satılıb.
Elchi.az xəbər verir ki, polis Pontianak və Tangeranq əyalətlərində 13 nəfəri saxlayıb və əksəriyyəti bir yaşından az olan 6 körpənin qaçırılmadan əvvəl xilas edildiyini açıqlayıb. Qərbi Yava Polisi nümayəndəsi Suravan bildirib ki, körpələr sənədləşdirilmədən öncə Pontianakda yerləşdirilib. Sinqapurun polisi və Daxili İşlər Nazirliyi ilə əlaqə qurulsa da, hələlik cavab verilməyib.
Facebook-dan WhatsApp-a uzanan alver
Polisin açıqlamasına görə, şəbəkə, övladlarını istəməyən və ya onlara baxa bilməyən valideynləri hədəfə alıb. İlkin əlaqə Facebook vasitəsilə qurulub, daha sonra ünsiyyət WhatsApp-da davam etdirilib. Bəzi hallarda körpələr doğulmadan əvvəl “rezervasiya” olunub, doğuş xərcləri ödənilib və ailələrin onları götürməsi üçün ödənişlər edilib.
Şəbəkədə körpələri müəyyənləşdirən vasitəçilər, onlara sığınacaq verən baxıcılar, şəxsiyyət vəsiqələrini, pasportları saxtalaşdıran şəxslər də olub. Körpələr analarından alındıqdan sonra 2–3 ay baxıcıların yanında saxlanılıb və sonra saxta sənədlərlə Pontianaka göndəriliblər.
Şayəstə Hüseynova


















