Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların bərpa olunacağını açıqladı. Görüşün noyabr ayının ilk yarısında baş tutması planlaşdırılır.
Elchi.az xəbər verir ki, Zelenski sosial media hesabında etdiyi paylaşımda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə apardığı telefon danışığı barədə təfərrüatları bölüşdü. O qeyd etdi ki, söhbət zamanı Norveçin Oslo və Rusiyanın Sankt-Peterburq şəhərlərində baş tutan son təmaslar müzakirə olunub.
Üçtərəfli danışıqların bərpasına hazır olduqlarını vurğulayan Zelenski, görüşün noyabrın ilk yarısında nəzərdə tutulduğunu bildirdi.
Zelenski ABŞ-ı Rusiya məsələsi ilə bağlı hərəkətə keçməyə çağırır
Üçtərəfli danışıqların asanlaşdırılması üçün ABŞ-ın Rusiyaya təzyiqlərini artırmalı olduğunu qeyd edən Zelenski, danışıqların texniki səviyyədən dövlət liderləri səviyyəsinə qaldırılmasının vacibliyini vurğuladı.
Zelenski bildirdi ki, müharibənin başa çatması ilə bağlı fundamental məsələlər yalnız liderlərin öz aralarında aparacaqları müzakirələr vasitəsilə həll oluna bilər.
Şayəstə




















