Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin səfəri arzuolunmaz olduğu üçün Qazaxıstana girişinə icazə verilməyib.
Elchi.az-ın “Sputnik Armenia”-ya istinadən verdiyi məlumata görə Zatulinə pasport nəzarəti zonasından keçməyə icazə verilməyib.
Deputatın Qazaxıstana hansı məqsədlə getdiyi bəlli deyil.
“Bəzi çətinliklərdən və Rusiya Xarici İşlər Nazirliyinin vəziyyətə müdaxiləsindən sonra problem həll olundu”, – deyə Zatulinin mətbuat xidməti bildirib.
Xatırladaq ki, ötən ilin iyununda Zatulin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə irad bildirmişdi. Tokayevin Donetsk və Luqansk Xalq Respublikalarını tanımaması ilə bağlı bəyanatına münasibət bildirən Zatulin demişdi: “Əgər dostluq yoxdursa, o zaman Ukraynadakı kimi hər şeyin baş verməsi mümkündür”.
Sentyabr ayında isə Zatulin Qazaxıstan banklarının “Mir” kartları ilə işləməkdən imtina etməsini şərh edib. O, qeyd etmişdi ki, ölkə Qərbin sanksiyalarına diqqət yetirərək çox riskə gedir.
Yeganə