Microsoft korporasiyasının xidmətlərində baş verən qlobal nasazlıq Böyük Britaniyada parlament, məhkəmələr, təcili xidmətlər və xəstəxanaların işinə ciddi təsir göstərib.
Elchi.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, Britaniya parlamentinin İcmalar Palatasının deputatları “Outlook”a çıxış imkanını itiriblər və nəticədə elektron poçt mesajlarını oxuya və cavablandıra bilmirlər. Bundan əlavə, 999 nömrəli təcili yardım xəttinin əməkdaşları xəstələrin məlumatlarını adi qaydada ötürə bilmirlər. Milli Səhiyyə Xidməti də elektron məsləhət xidmətlərinə girişdə problemlərin yarandığını bildirib.
Mançesterdə şəhər məhkəməsinin münsiflər heyətinin üzvləri nasazlıq səbəbindən orqanın kompüter sistemlərinin “etibarlılığına təhlükə” yarandığı üçün evlərinə göndəriliblər. Dəmir yolu sərnişinlərinə də biletlərin alınması üzrə onlayn xidmətlərə girişin bloklana biləcəyi barədə xəbərdarlıq edilib.
Populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti daha əvvəl 74 ölkə və ərazidən Microsoft xidmətlərinin işinə dair kütləvi şikayətlərin daxil olduğunu bildirmişdi. Microsoft-un vitse-prezidenti Çarlz Lamanna kütləvi nasazlıqların hakerlərin və ya hər hansı digər kənar müdaxilənin nəticəsi olmadığını bəyan edib. Bu fonunda “Nasdaq” elektron birjasında ticarətöncəsi əməliyyatlar zamanı Microsoft səhmləri 3% eniş nümayiş etdirir. Cümə günü günortadan sonra korporasiya trafikin tədricən bərpa olunduğunu açıqlayıb.
Məryəm



















