Yunanıstanın müxtəlif bölgələrində, xüsusilə Aleksandrupoli və Meriç bölgəsində avqustun 19-dan bu yana davam edən meşə yanğınları güclü külək səbəbindən 6-cı gün də nəzarət altına alına bilməyib.
Elchi.az xəbər verir ki, paytaxt Afinadan təxminən 50 kilometr şimalda yerləşən Parnita dağında baş verən yanğın yaşayış məntəqələrinə yaxınlaşıb.
Gecə saatlarında havadan söndürmə işləri aparıla bilmədiyi üçün bölgədəki yanğın küləyin təsiri ilə yenidən güclənib.
Səhər saatlarında başlayan hava yanğınsöndürmə işləri davam edərkən, Parnita yaxınlığındakı Trakomakedones qəsəbəsinin sakinlərindən lazım gələrsə, ərazini boşaltmağa hazır olmaları istənilib.Əraziyə gedən bir çox yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yunanıstanda avqustun 19-dan bəri nəzarət altına alına bilməyən yanğınlar səbəbindən onlarla yaşayış məntəqəsi boşaldılıb, onlarla bina yanıb.
Yanğınlarda 600 min hektardan çox meşə sahəsi, kənd təsərrüfatı sahəsi və yaşayış massivləri məhv edilib.Yunan Meteorologiya İdarəsi yanğının tüstüsünün Malta və İtaliyanın cənubundakı Siciliyaya qədər uzandığını qeyd edib.
Şayəstə Hüseynova