Ötən həftə Prezidentin fərmanları ilə xeyli müddətdir ki gözlənilən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnamələri təsdiq edilib. Hər iki Agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Elchi.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şəxsi Feysbuk hesabında məlumat verib. Onun sözlərinə görə, Nizamnamələrdəki bəndlərdən görsənir ki, Agentliklər bir çox əsas məsələləri Nazirliklə razılaşdırmaqla həyata keçirə biləcəklər:
“Yəni, bu Nizamnamələrlə fəaliyyət göstərməli olacaq dövlət qurumlarının müstəqilliyindən söhbət açmaq doğru olmazdı.
Belə halda, sektordakı vəziyyət həm də Agentliklərin rəhbərlərinin kim olacağından daha çox asılı olacaq.
Maraqlıdır ki, ləğv edilən keçmiş İnnovasiyalar Agentliyinin nizamnaməsində olan bir çox müddəalar, xüsusən də innovasiya sektorunda “nəzarət və tənzimləmə” funksiyası yeni yaradılan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin Nizamnaməsindən çıxarılıb.
Yəni, belə anlaşılır ki, yeni qurumun sektorda tənzimləmə səlahiyyəti olmayacaq.
Amma istənilən halda düşünürəm ki, xeyli geciksə də , sektorlar üzrə bu cür qurumların formalaşması irəliyə doğru addım kimi dəyərləndirilə bilər.
İnanıram ki, yeni dövlət qurumları öz sahələrində xeyli irəliləyiş yarada biləcəklər.
Sektorda isə həllini gözləyən xeyli problemlər var.
Həm real -faktiki vəziyyət, həmdə beynəlxalq qurumların hesabatları göstərir ki, ölkədə rəqəmsal sektorda və innovasiyalar sahəsində, rəqəmsal transformasiyada müəyyən addımlar atılsa da görüləcək işlər daha çoxdur.
Müşahidələr və rəqəmlər göstərir ki, qonşu ölkələr bu sahədə daha sürətli irəliləməyə çalışırlar.
Ümud edirəm tezliklə yeni yaranan Agentliklərin rəhbərliyi və strukturları təsdiqlənəcək və qurumlar bütün maraqlı tərəfləri cəlb etməklə fəaliyyətə başlayacaqlar”.
Yeganə