Yaponiyada yaşı 100-dən yuxarı olan insanların sayı ilk dəfə olaraq 100 mini keçib.
Elchi.az xəbər verir ki, Yaponiya hökuməti hər il 15 sentyabrda qeyd olunan “Yaşlılara Hörmət Günü” münasibətilə artan yaşlı əhali ilə bağlı statistik məlumatları açıqlayıb.
Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatları göstərir ki, yaşı 100-dən yuxarı olanların sayı ardıcıl 56 ildir ki, artır.
Sentyabr ayına olan məlumata görə, ölkədə yaşı 100-ü keçən insanların sayı 107 677 nəfər təşkil edib. Beləliklə, “bir əsri geridə qoyanların” sayı ölkə tarixində ilk dəfə 100 mini keçib.
Ötən ilin göstəriciləri ilə müqayisədə bu rəqəm 7 914 nəfər artıb. Bildirilib ki, yaşı 100-dən yuxarı olanların 94 298-i qadın, 13 379-u isə kişidir.
Ən yaşlı qadın kimi 114 yaşlı Fuyo Kişimoto, ən yaşlı kişi kimi isə 112 yaşlı Hikaru Kato qeydə alınıb.
Yaponiyada “bir əsri geridə qoyanlar”la bağlı əhali statistikası ilk dəfə 1963-cü ildə aparılmağa başlanıb.
Yaşı 100-dən yuxarı olanların sayı ilk dəfə 1981-ci ildə 1 mini, 1998-ci ildə 10 mini və 2012-ci ildə 50 mini keçib.
Məlumatlara əsasən, Yaponiyada orta ömür müddəti qadınlar üçün 87,3 il, kişilər üçün isə 81,3 il təşkil edir.
Şayəstə





















