Yaponiya 2023-cü il yanvarın 1-dən gəmiləri Rusiya sularında müharibə nəticəsində dəyən zərərdən sığortalamağı dayandıracaq.
Elchi.az xəbər verir ki, Yaponiyanın ən iri sığorta şirkətləri gələn il yanvarın 1-dən Rusiya, eləcə də Ukrayna sularında üzən gəmiləri müharibə nəticəsində dəyən zərərdən sığortalamağı dayandıracaqlar. Bu barədə “Nikkei” qəzeti mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, bu qərar təkrarsığorta ilə məşğul olan xarici şirkətlərin öz növbəsində Rusiya sularında naviqasiya ilə bağlı risklər əsasında müqavilə bağlamaqdan imtina etməsi ilə əlaqədar qəbul edilib.
Bildirilir ki, Milad bayramlarından sonra Tokio Saxalin-2-dən mayeləşdirilmiş təbii qazın (LNG) sabit tədarükünü təmin etmək üçün hərbi toqquşmalar nəticəsində dəymiş ziyanın ödənilməsinin bərpası məsələsi ilə bağlı xarici firmalarla danışıqlara başlamaq niyyətindədir.
Xatırladaq ki, daha əvvəl Yaponiya Xarici İşlər Nazirliyi Saxalin-2 neftinin qiymət tavanından aşağı düşmədiyini bildirərək, bu layihənin məhdudiyyətlərdən çıxarılması qərarının ölkənin “enerji təhlükəsizliyi baxımından” qəbul edildiyini bildirmişdi.
Şayəstə