Xurşudbanu Natəvanın Aleksandr Düma ilə görüşünün ilk rəsmi...

🗓 18.08.2014 14:39 ✍️ "Elçi" qəzeti
Rəssam Çingiz Mehbaliyev yeni çəkdiyi rəsm əsərinə “Xurşudbanu Natəvan və606c7220486d Aleksandr Dümanın şahmat oyunu” adlandırıb.
Rəssam ANS PRESS-ə müsahibəsində rəsmin mövzusunun real tarixi hadisədən götürüldüyünü dedi.
"Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan yazıçı Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycan ərazisində səyahət etmişdir. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızça: İmpression de Voyage Le Caucase) Parisdə çap olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşudbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Natəvan Dümaya qalib gələrkən o, Dümadan yaşca xeyli kiçik idi. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı vardı. Bu tarixi hadisə məni ilhamlandırıb və yenidən malbert arxasına keçməyə həvəsləndirib. Natəvanın Dümaya qalib gəlməsi Azərbaycan qadınının simasında xalqımızın müdrikliyini, iti ağlını göstərir və mən bu səhnəni çəkməyə bilməzdim" - deyə rəssam bildirir.
Rəsmdə Natəvan və Dümanın üz-üzə oturub şahmat oynaması təsvir edilib. Oyunda Natəvanın Dümanı necə sıxışdırdığı açıq-aşkar görmək olar. Belə ki, Dümanın bütün daşları vurulub, Natəvan isə sonuncu həlledici gedişini etməyə hazırlaşır. Düma bu gedişin necə yekunlaşacağını yaxşı bilir və bu səbəbdən də əlini oyundan üzərək məyus halda şahmat taxtasına baxır. Bunun əksinə olaraq Natəvan uğurlu gediş edir və Dümanın gözlərinin içinə cəsarətlə baxmaqdan çəkinmir.
Real tarixi faktları əhatə edərək Natəvan və Dümanın şahmat oynaması səhnəsini çəkmək üçün bir müddət araşdırma apardım. İstədim ki, çəkdiyim bu rəsm öz dövrunun tarixi mənzərəsini, geyimlərini və ənənəsini əks etdirsin. – Çingiz Mehbaliyevin bu rəsmi çəkməyə başlayarkən qarşısına qoyduğu hədəfi açıqladı.
Düma və Natəvanın görüşü Bakıda baş tutduğundan rəsmdəki otağın pəncərəsindən İçəri Şəhər və Qız Qalası görünür. Natəvanın sol tərəfində olan taxçadakı güldanın içində isə Xarı-Bülbül gülünü görmək olar. Bu da Xan qızının əslən Şuşadan olmasına işarə edir. Natəvan azad qadın simvolu olaraq bu rəsmdə başı açıq-örpəksiz təsvir edilib. Dümadan sağdakı dolabın üstündə isə İmperator Napoleonun büstü qoyulub. – rəssam əlavə etdi.
Tarixdən məlumdur ki, Dümanın atası Napoleon ordusunun generalı olub. Bu səbəbdən də Dümanın Napoleona olan rəğbəti başa düşüləndir. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə etmişdir.
Natəvanın üz cizgilərini çəkmək üçün tarixi fotolardan faydalansam da, onun barmaqlarındakı zəriflik və incəliyi real həyatda tanıdığım xanımın barmaqlarından götürmüşəm. – deyərək rəssam təbəssümlə bildirdi.
İndiyə kimi Dümanın Qafqaza səyahətindən və Natəvanla görüşündən bəhs edən bir çox bədii əsərlər (misal olaraq şair, tərcüməçi Məmməd Rahimin "Natəvan" poeması, yazıçı İlyas Əfəndiyevin "Xurşudbanu Natəvan" pyesi və bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operası) meydana gəlsə də, indiyə qədər bu mövzuda heç bir əlamətdar rəsm əsəri çəkilməyib. Mənim çəkdiyim “Xurşudbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu” rəsmi bu mövzuda çəkilən ilk rəsm əsəridir. – deyərək rəssam Çingiz Mehbaliyev öz fikrini tamamlayıb.

Bənzər yazılar