“”Whatsapp” hesablarına gələn iş təklifi mesajları nə dərəcədə realdır?

118


“Texnologiyaların günü-gündən inkişaf etdiyi bir dövrdə dələduzlar da öz hücum texnikalarını təkmilləşdirirlər. Hal-hazırda geniş yayılmış dələduzluq sxemlərindən biri böyük texnologiya şirkətləri ( Amazon, Google və s.) ilə əməkdaşlıq edən tərəfdaş olaraq iş təklifi ilə bağlı fırıldaqçı mesajlardır”. Bunu Elchi.az-a açıqlamasında İT mütəxəssisi Fərhad Mirəliyev deyib.

Bəs şübhə doğuran belə mesajları necə müəyən etmək olar? Mütəxəssisin sözlərinə görə
belə hallarla mübarizə aparmaq birbaşa vətəndaşın öz üzərinə düşür:
“Qarşı tərəf Azərbaycan dilində qrammatik və leksik normalara uyğun yazmır. Hiss olunur ki, tərcümə saytlarından istifadə edilir. Fikirlər səthi ifadə edilir və danışıq dilindən yalnız tərcümə proqramı imkan verdiyi səviyyədə istifadə edilir. “Whatsapp” hesablarından yazan fırıldaqçıların mobil operator nömrələri saxta olur, zəng ilə əlaqə saxlamaq qeyri mümkün olur. “Whatsapp” zənglərinə isə qarşı tərəf müxtəlif bəhanələr ilə cavab vermir.
Yatırım et və daha artığını götür sxemi birbaşa maliyyə piramidası olduğuna dəlalət edir, heç bir iş görmədən maliyyə vəsaiti qazanmaq özü şübhə doğurur.
Qarşı tərəf əksər hallarda botdan istifadə edir. Yəni müxtəlif suallarla qarşı tərəf sual-cavab olunarsa, həmişə eyni şablon cavablar verdiyi məlum olur.
Yuxarıda qeyd olunanlardan nəticə olaraq demək istərdim ki, mütləq təhlükəsizlik qeyri-mümkündür amma riskləri idarə etməyi hər bir istifadəçi öyrənməlidir”.

Havar Şəfiyeva