Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin NATO-ya üzvlük iddiasını təsdiq etməyəcək. Finlandiyanın Şimali Atlantika Alyansına qəbulu məsələsi isə müsbət həll oluna bilər.
Elchi.az xəbər verir ki, Ərdoğan hakim partiyanın iclasında bildirib ki, İsveç vaxt itirməməlidir, çünki NATO-ya üzvlük müraciəti təsdiqlənməyəcək.
Ərdoğan qeyd edib: “Nə qədər ki, müqəddəs kitabımız olan Qurani-Kərimin yandırılmasına, cırılmasına icazə versəniz və bunun fonunda hüquq-mühafizə orqanlarınızın əməkdaşları fəaliyyətsiz qalacaqlar, biz NATO-ya üzvlüyünüz üçün “hə” deməyəcəyik”.
Ərdoğan Türkiyənin bu məsələdə Finlandiyaya müsbət münasibət bəslədiyini, yəni Finlandiyanın NATO-ya üzvlüyünə müsbət baxdığını qeyd edib.
Estoniyada keçirdiyi mətbuat konfransında Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Helsinkidən NATO-ya ayrıca müraciətə baxmağa hazır olduğunu vurğulayıb. Türkiyə Finlandiyanın müraciətinə müsbət reaksiya verəcək.
Xatırladaq ki, 2022-ci il mayın 18-də Finlandiya və İsveç Şimali Atlantika blokuna qoşulmaq üçün NATO-nun baş katibinə müraciət etmişdilər.
Yeganə