Türkiyə səfiri Qərbi Azərbaycan İcmasının yeni binasında olub – FOTO

51

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasının yeni binasında yaradılan şəraitlə tanış olub.

Elchi.az xəbər verir ki, səfir Cahit Bağçı İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli və İcmanın əsas orqanlarının rəhbərləri ilə görüşüb. Türk diplomata İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat verilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanı ziyarət edən ilk xarici dövlətin təmsilçisinin Türkiyənin səfirinin olmasından məmnunıluğunu ifadə edib. Türkiyəli diplomata ötən əsr boyunca dörd dəfə – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlıların öz ata-baba yurdundan, indi “Ermənistan” adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı həmvətənlərimizə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər barədə danışıb.

Səfirin diqqətinə çatdırılıb ki, Ermənistan hökuməti bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir. Eyni zamanda, onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdədir.

Qeyd olunub ki, doğma yurdlarından qovulmuş azərbaycanlıların Ümumdünya İnsan Haqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

Səfir Cahit Bağçı Türkiyənin Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə çatdırılan qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduğunu, bundan sonra da olmağa davam edəcəyini bildirib.