İtaliyanın Venesiya şəhəri turist sıxlığına nəzarət etmək üçün ziyarətçilərdən gündə 5 avro rüsum almağı planlaşdırır.
Elchi.az xəbər verir ki, turizmdən məsul şəhər şurasının üzvü Simone Venturini, gələn il turistlərin sayının pik həddə çatdığı zaman tətbiqin sınaqdan keçiriləcəyini bildirib.
Venturini, “Venesiya Avropanın ən çox ziyarət edilən şəhərlərindən biridir və həddindən artıq turizmdən əziyyət çəkir”-deyib.
Plana əsasən, 14 yaşdan yuxarı bütün ziyarətçilər şəhərə daxil olmaq üçün ödəniş etməli və rezervasiya etməli olacaqlar.
2019-cu ildə cəmi 7,6 kvadrat kilometr ərazini əhatə edən şəhər 13 milyona yaxın turisti qəbul edib.
Bu ilin əvvəlində YUNESKO Venesiyanın Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilməli olduğunu bildirmişdi.
2021-ci ildə limanda qəzaya uğrayan gəmidən sonra böyük kruiz gəmilərinin Giudecca kanalı vasitəsilə şəhərin tarixi mərkəzinə daxil olması qadağan edildi.
Nuranə Məmmədova