Ukrayna Prezidenti Vladimir Zelenski telefon danışığı zamanı Qazaxıstan lideri Kasım-Jomart Tokayevə ölkəsinin ərazi bütövlüyünə göstərdiyi dəstəyə və qondarma “LXR” və “DXR”-i tanımamasına görə təşəkkür edib.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı “Twitter“ hesabında bildirib.
O, qazaxıstanlı həmkarı ilə iqtisadiyyat, enerji, rəqəmsallaşma sahəsində əməkdaşlıq layihələrini müzakirə etdiyini də vurğulayıb.
***
14:05
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, bu barədə “Sputnik Kazakhstan” Tokayevin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü əsasında baş tutub.
Dövlət başçıları ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.
Qazaxıstan Prezidenti bu dövr ərzində iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında mühüm müsbət nəticələrin əldə olunduğunu qeyd edib.
Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib.
Tokayev eyni zamanda, Qazaxıstanın Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.