Terrorçular avqustun 18-dək Donetski tərk etməyə hazırlaşırlar
Qondarma “Donetsk Xalq Respublikası”nın silahlıları Donetski tərk eləməyə hazırlaşırlar. Musavat.com-un “Reters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.
“Terrorçuların əsas hissəsi avqustun 18-i üçün Donetski tərk eləməyi planlaşdırır. Niyə məhz bu tarix, bizim üçün hələlik aydın deyil”, - deyə o qeyd edib. Onun sözlərinə görə, separatçılar hərbi geyimlərini mülki geyimlərə dəyişərək Ukrayna blokpostlarından keçməyə cəhd edirlər. Qurum rəsmisi çeçen yaraqlılarının da aradan çıxmağa başladıqlarını söyləyib.
Lısenko analoji vəziyyətin Luqnaskda hökm sürdüyünü bildirib: “Orada separatçılar müstəqil şəkildə öz bayraqlarını endirərək dinc əhalinin geyimində qaçmağa başlayıblar”.