“Yayılan məlumatlara əsasən sabah Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyevlə birgə Zəngilan Hava Limanının açılışında iştirak edəcək. Əlbəttə ki, Ərdoğanın bu açılışda iştirak etməsi gözlənilən idi”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov Feysbuk hesabında qeyd edib:
“Məsələ burasındadır ki, Türkiyə prezidenti cənab Ərdoğanın Zəngilana səfər sıradan bir tarixə təsadüf etmədi. Yəni Arazın o tayında İran mollasının SEPAH-ı hərbi təlimlərə start verib Azərbaycana əzələ nümayiş etdirmək sevdasına düşdüyü, Ermənistanın isə Azərbaycanla sərhəddə qoşun yığdığı bir vaxtda belə səfərin reallaşması həm də ondan xəbər verir ki, Türkiyə həm İrana, həm Ermənistana, həm də dünyaya mesaj verir ki, biz Azərbaycanın yanındayıq”.
S.Hümbətov qeyd edib ki, İran hər nə qədər Azərbaycana qarşı qeyri-səmimi olduğunu büruzə verməməyə çalışsa da, atdığı addımlarda bu açıq şəkildə hiss edilməkdədir:
“Burada qeyd ediləsi digər məsələ bir neçə gün öncə Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyev İran prezidenti İbrahim Rəisi ilə də görüş keçirmişdir. Bu görüşdən sonra İran Ali Dini rəhbərinə birbaşa bağlı olan SEPAH tərəfindən açıqlama gəlməsi ondan xəbər verir ki, İran Azərbaycan-Türkiyə əlaqələrindən qorxur. Məhz buna görə də mütəmadi sərsəm açıqlamalar verilir bəzi dairələri tərəfindən.
SEPAH-ın təlimlərə başlaması və Ərdoğanın Azərbaycana səfəri ərəfəsində İranın Azərbaycandakı səfirliyindən bir açıqlama gəldi. Açıqlamada qeyd edilir ki, “Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələri baş qərargah rəisi general-leytenant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hal-hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir.İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”.
Verilən açıqlamadan belə qənaətə gəlmək olar ki, SEPAH-ın belə uyğunsuz təlimini ört-basdır etmək üçün verilən açıqlamadır. Bu isə ölkədaxili vəziyyətindən daha da gərginləşəcəyindən xəbər verir”.
Şayəstə