Türkiyənin Bursa şəhərində Böyük Qarabağ konfransı təşkil edilib.
Axar.az xəbər verir ki, Bursanın Sənaye və Ticarət odalarında şəhər ictimaiyyəti, millət vəkilləri, siyasi partiya nümayəndələri və qeyri-hökumət təşkilatların da qatıldığı Böyük Qarabağ konfransı keçirilib. Konfransı giriş sözü ilə Azərbaycanda da olduqca məşhur olan professor Çetin Almas açıb. Ç.Almasın idarə etdiyi konfransa Türkiyənin tanınmış hüquqşünas alimləri və alimləri ilə yanaşı, azərbaycandan olan nümayəndələr – millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, fəlsəfə doktoru Tənzilə Rüstəmxanlı və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov da qatılıb.
Konfransda iştirak edən millət vəkili Sabir Rüstəmxanlı oktyabrın 26-da Türkiyənin Sparta bölgəsində İslamköydə Süleyman Dəmirəl muzeyinin açılış mərasimində də iştirak edib.
Türkiyənin 9-cu dövlət başçısının 50-illik siyasi fəaliyyətini və bu illərdə qardaş ölkənin inkişaf yolunu əks etdirən muzeyin açılış mərasiminə S.Rüstəmxanlı ilə yanaşı Dəmirəl ailəsinin dəvətilə Türkiyə Böyük Millət Məclisi başqanı Cəmil Çiçək, bir çox yeni və keçmiş millət vəkilləri, hökumət nümayəndələri, xarici ölkələrin dövlət başçıları, Dəmirəlin dostları və müxalifət partiyalarının başqanları qatılıb.