Yəməndəki İranın dəstəklədiyi husilərin hədəfinə çevrilən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hücum xəbərdarlığından sonra partlayış səsləri eşidilib.
Elchi.az xəbər verir ki, Səudiyyə Mülki Müdafiə İdarəsinin “X” (əvvəlki adı ilə Twitter) sosial media platformasındakı hesabı vasitəsilə yayılan açıqlamada paytaxtda erkən xəbərdarlıq sisteminin işə salındığı bildirilib. Qurum həmçinin vətəndaşların həyəcan siqnalı zamanı riayət etməli olduqları təhlükəsizlik təlimatlarını əks etdirən məlumat mesajı paylaşıb.
Şahidlərin məlumatına görə, xəbərdarlıqdan sonra Ər-Riyadda dörd partlayış səsi eşidilib.
Daha sonra Mülki Müdafiə İdarəsi tərəfindən verilən açıqlamada təhlükənin sovuşduğu elan edilib.
Ər-Riyaddakı mobil telefon istifadəçilərinə təhlükənin aradan qalxdığını bildirən və onlara potensial zərbə zonalarından uzaq durmağı, eləcə də ətrafdakı hər hansı yad cisimlərə yaxınlaşmamağı tövsiyə edən ikinci bir bildiriş göndərilib.
Bir müddətdir ki, Yəməndəki İranın dəstəklədiyi husilər Səudiyyənin paytaxtı Ər-Riyada və digər müxtəlif bölgələrə qarşı ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar həyata keçirirlər.
Şayəstə





















