Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlunun nəşi ailəsinə təhvil verilib.
Elchi.az xəbər verir ki, Ağstafa rayon Xətai kəndində Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, T. Əliyev əsgər yoldaşı Samir Xudiyevlə bərabər qaya parçasının altında qalmışdı. Müdafiə Nazirliyinin məlumatına görə, S. Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.