Almaniya Hərbi Kəşfiyyat Xidməti (MAD) Rusiya kəşfiyyat xidmətlərinin Almaniyada casusluq cəhdləri və təxribat fəaliyyətlərində əhəmiyyətli artım qeydə aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, MAD direktoru Martina Rosenberg, Alman Mətbuat Agentliyinə (DPA) Rusiyanın casusluq fəaliyyətləri ilə əlaqədar olaraq, “Biz casusluq və hibrid tədbirlərdə güclü artımdan danışırıq. Hərəkətlər daha sıx və daha aqressivləşdi” dedi.
Rosenberg, Rusiya kəşfiyyat xidmətlərinin Soyuq Müharibə dövründə olduğu kimi davrandığını və casusluq vasitələrinin də genişləndirildiyini bildirib.
Rosenberg həmçinin, “Casusluğa qarşı ən yaxşı qorunma bu təhdidi ciddi qəbul etmək, siqnallara diqqətlə cavab vermək və vaxtında müvafiq orqanlara məlumat verməkdir” dedi.
MAD-ın məlumatına görə, Rusiyanın Almaniyada casusluq cəhdləri bir il ərzində demək olar ki, iki dəfə artıb.
Qeyd olunub ki, Rusiya agentləri üçüncü ölkələr vasitəsilə Almaniyaya daxil olmaqda davam edir.
Müdafiə Nazirliyinə tabe olan MAD silahlı qüvvələrin mühafizəsi, ekstremistlərin qarşısının alınması, əsgər və mülki işçilər üzərində təhlükəsizlik yoxlamalarının aparılmasına cavabdehdir.
Şayəstə Hüseynova

















