Bakıda I Avropa Oyunları bitəndən sonra Qarabağ zonasında vəziyyət dəyişəcək. Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer erməni nəşrinə müsahibəsində oyunlardan sonra münaqişə zonasında situasiyanın necə inkişaf edəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Yada salaq ki, az öncə bəzi rusiyalı ekspertlər İrəvana səfər çərçivəsində bildirmişdilər ki, Avropa Oyunlarından sonra “Bakının əl-qolu açılacaq və Minsk Qrupunun fəaliyyətindən narazı olduğu üçün o, geniş miqyaslı hərbi əməliyyatlara başlayacaq”.
“Mən gərginliyin artacağını düşünməyə meylliyəm. Ola bilsin, bu əvvəlki dönəmlə müqayisədə daha intensiv xarakter alsın. Ancaq bunun bütün cəbhə xətti boyu yayılacağı inandırıcı görünmür. Belə geniş miqyaslı əməliyyatlar üçün ilk növbədə hazırlıq işləri aparılmalı, qüvvələr səfərbər edilməli, müvafiq qüvvələr təmas xətti boyu yerləşdirilməlidir. Hələ ki, bu hərəkətlər yoxdur. Üstəlik də belə hərəkətləri gizlətmək də mümkün deyil. Bununla belə, ciddi hərbi qarşıdurmalar mümkünüdür” – deyib hərbi analitik.