Rusiyanın Varşavadakı səfirliyi Varşava meriyasının göstərişi ilə işçilərin uşaqları üçün məktəb binasının zorla ələ keçirilməsi ilə bağlı Polşa Xarici İşlər Nazirliyinə rəsmi etiraz notası göndərib. Elchi.az xəbər verir ki, bu barədə TASS səfirliyin əməkdaşlarına istinadən məlumat verir.
“Səfirlik Polşa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib”, – deyə diplomatik missiyanın mətbuat xidmətinin nümayəndələri bildiriblər.
Şənbə günü, aprelin 29-da Varşava meriyasının nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə Rusiya səfirliyindəki məktəbin ərazisinə girib. Diplomatik nümayəndəliyin və məktəbin işçiləri könüllü olaraq onların üzünə qapıları açmaqdan imtina edib, bundan sonra Polşa hakimiyyəti qapıları sındırmağa başlayıb.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyi insidentlə bağlı sərt reaksiya verəcəyini vəd edib və hadisəni 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması adlandırıb. Eyni zamanda Rusiyanın Varşavadakı səfiri Sergey Andreev Moskvanın Varşavaya etiraz etməyə hazırlaşdığını bildirib.
Havar Şəfiyeva