Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Moskvada ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinə danışan Peskov Putinin Alyaskada keçirilən sammit zamanı Trampı Moskvaya dəvət etməsini xatırladıb.
Peskov bu təklifin keçərli olduğunu bildirərək, “Putin Trampla görüşməyə hazırdır və bundan məmnun olacaq. Hər şey Trampın qərarından asılıdır” deyib.
Rusiyanın Böyük Britaniya və Fransanın nüvə arsenallarının hesaba alınması tələbinin əsaslılığı ilə bağlı sualı cavablandıran Peskov məsələnin aktual olduğunu bildirib.
Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) üzrə danışıqların ilk növbədə başlaması lazım olduğunu bildirən Peskov, “Ancaq gələcəkdə nüvə arsenalları məsələsi də müzakirə edilməlidir. Bu arsenallar Avropanın təhlükəsizliyi və strateji sabitliyi probleminin tərkib hissəsidir” deyib.
Şayəstə Hüseynova





















