ABŞ Prezidenti Donald Tramp cümə axşamı – Vaşinqtonda İran tərəfindən “çirkli bomba”dan istifadə edilməklə törədilə biləcək təhlükə barədə xəbərlər fonunda – bəyan etdi ki, İran “qazlar”a və “bioloji silahlar”a doğru yönəlir.
Elchi.az xəbər verir ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində “Fox News”a müsahibə verən Tramp dedi: “İranın qazlara və bioloji silahlara doğru irəlilədiyinə dair əlamətlər var, çünki biz onların nüvə sahəsindəki yolunu bağlamışıq. Nüvə yolu daha çətindir. Buna görə də onlar qazlara və bioloji silahlara – xoşagəlməz vasitələrə və digər elementlərə üz tuturlar”.
Trampın bu açıqlamaları, “ABC News”a məlumat verən mənbələrin xəbərlərindən sonra səslənib. Həmin mənbələrə görə, ABŞ kəşfiyyatı Vaşinqtonda ABŞ rəsmilərini hədəf almaq üçün “çirkli bomba”dan (radioaktiv maddələri ətrafa yaymaq üçün nəzərdə tutulmuş partlayıcı qurğu) istifadə edilməsi ehtimalı olan bir plan barədə məlumat əldə edib. Bununla belə, onlar qeyd ediblər ki, bu kəşfiyyat məlumatının nə dərəcədə etibarlı olduğu hələ təsdiqlənməyib.
Bu xəbəri ilk olaraq CNN yayımlayıb. Müsahibə zamanı Tramp əlavə təfərrüat verməyib, sadəcə “1 yanvardan sonra nə olacağını görəcəyik” deməklə kifayətlənib.
Vaşinqton sakinlərinin mümkün hücumla bağlı “təşvişə düşməli” olub-olmaması barədə suala cavab olaraq Tramp: “Düşünmürəm ki, buna ehtiyac var”, – deyib və əlavə edib ki, əgər hücum baş verərsə, ABŞ “onları yer üzündən siləcək”.
Şayəstə




















