Eldar Sabiroğlu
Cəbhədə son döyüşlər o nəticəni ortaya qoydu ki,düşmən münaqişənin sülh yolu ilə həllinə ümumiyyətlə meyilli deyil. Terrorizm və işğalçılıq siyasəti Ermənistanın bir dövlət olaraq mahiyyətini təşkil edir. Bu, təsadüfi yaranmayıb. Bir dövlətin başındakı məşhur terrorçu kimi ad qazanan Serj Sarkısyan dayanıb, o dövlətdən hansısa doğru-dürüst, insani addımın atılmasını gözləməyin mənası yoxdur və belə bir vəziyyətdə beynəlxalq qurumların dözüm və səbr nümayiş etdirməsi təəccüb doğurur. Ədalətsizliyin də bir əndazəsi olar…
Demokratiyanın quyruğundan yapışan super dövlətlər, insan haqları deyə haray-qışqırıq salan beynəlxalq qurumlar Ermənistanın bu təcəvüzkar siyasətini davam etdirməsinə görəsən nədən susurlar? Onların verdikləri bəyanatlardan adam xəcalət çəkir. Eyni sözü, eyni fikri dəfələrlə eşitməkdən qulaqlarımız yorulsa da, onlar yorulmadılar. Niyə də yorulsunlar ki?! Bu siyasi missiyaya qazanc mənbəyi kimi baxan beynəlxalq təşkilatların nümayəndələrindən özgə nə tələb etmək olar? Sanki turist qismində ayda bir neçə dəfə regiona baş çəkir, beynəlxalq tədbirlərdə iştirak edir və bununla da işlərini bitmiş sayırlar. Bu prossesdə mən xüsusilə Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrini nəzərdə tuturam. ATƏT-in Kasprşik adında bir daimi nümayəndəsi var. Bəlkə də 10 ildən çoxdur ki, bu sahədə çalışır və regiondakı problemlərlə guya məşğul olur. Cənab Kasprşik həftədə 2-3 dəfə başının dəstəsi ilə təmas xəttinə təşrif buyuraraq monitorinq aparır. İndiyəcən bu monitorinqlərin sayı yüzlərlə olub, ortada isə nəticə yoxdur. Bəs məqsəd nədir? Yenə rus demişkən, külli miqdarda ”komandirovka” pullarına sahiblənmək… Bax iş belədir. Ümumiyyətlə, Dağlıq Qarabağla əlaqədar ikili standartların Azərbaycana tətbiq edilməsini açıqdan-açıqa görürük. ATƏT-in bir xüsusi nümayəndəsi də vardır. Ermənistan təyyarələrinin Xankəndinə uçuşlar etməsinə Azərbaycanın şərait yaratması ilə əlaqədar o, bir neçə dəfə ölkəmizə səfər etmiş və əlaqədar təşkilatlarda görüşlər keçirmiş, Müdafiə Nazirliyində də olmuşdur. Xahişi də bundan ibarət idi ki,uçuşların qarşısı alınmasın və belə məntiq də irəli sürürdü ki, əgər bu məsələ gerçəkləşsə,münaqişənin həllində irəliləyişin baş verməsi qaçılmaz olacaqdır. Görün necə uşaq başı aldadırlar! O zaman Naziriyin keçmiş rəhbərliyi cavabında bildirdi ki,mən dövlətin qanunlarına tabeyəm və Ali Baş Komandanın əmrinə əsasən ölkənin hava məkanını qorumaq bizim birinci dərəcəli vəzifəmizdir, Ermənistan Azərbaycanın dövlət sərhəddini pozduğu halda təyyarələri vurulacaqdır. ATƏT-in nümayəndəsi bu zaman sual verdi ki,təyyarənin içindəki mülki şəxsləri necə vurmaq olar? Münasibət qəti oldu və bildirildi ki, biz hardan bilək ki,təyyarənin içindəkilər mülki şəxslərdir və yaxud Sizin ölkənizdə belə bir iş baş versə dövlətiniz hansı mövqeyi seçər? Nümayəndə güldü və sualı cavabsız qoyaraq xudahafizləşdi.
Bəlkə də bunlar bəziləri üçün maraq kəsb etmədi. Əslində isə xarici nümayəndələrin bu cür mövqeyi çox şeyi deyir və beynəlxalq qurumların problemə münasibətini tam ifadə edir.
Bəli, nə qədər ki,Ermənistan işğalçı dövlət kimi beynəlxalq qurumlar tərəfindən tanınmayıb və ona siyasi- hərbi dəstək verənlər geri durmayıb, vəziyyətin bu cür davam edəcəyinə,hətta getdikcə daha kəskin hal alacağına kimsənin şübhəsi qalmasın. Bu məsələ də bayaq söylədiyim kimi bəzi qərb dövlətlərini və xüsusilə Rusiya faktorunu göz önündən qətiyyən kənarda saxlamaq olmaz. Terrorçu Ermənistan dövlətini indiyə kimi daha çox şirnikləndirən bizim şimal qonşumuz Rusiyadır. Əgər Rusiya Qafqazda siyasətini dəyişmiş olsa, münaqişənin həllinə ədalətli yanaşsa, mübaliğəsiz deyərdim ki, problem bir neçə gün içərisində aradan qalxar və Ermənistan silahlı bölmələri işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz geri çəkilər. Bu gün terrorist dövlətin aldığı nəfəs də Rusiyanın hesabınadır . Ümumi bəla budur ki, Rusiya bu münaqişəni bitirmək fikirində deyil. Ona görə də, Dağlıq Qarabağ probleminin dinc şəraitdə aradan qalxacağına ümid bəsləmək sadəlövhlük olardı. Tarixi faktdır ki, Rusiya Qafqazlarda öz siyasi ambisiyalarını həyata keçirmək üçün Ermənistandan həmişə birdəfəlik “şpris” kimi istifadə etmişdir.
Cəbhə xəttində son gərgin vəziyyətin yaranmasında və düşmənin kəşfiyyat-diversiya qruplarının fəallaşmasında Rusiyanın hərbi- kəşfiyyat dairələrinin təlimatları istisna deyil. Onlar Ermənistanın arxasında dayanıblar. Fikrimcə,bu yerdə qısa bir qisa bir haşiyə yerinə düşərdi. Bir anlığa KTMT-nin sədri Bordyujanın Ermənistanı müdafiə, Azərbaycanı isə təhdid edən sərt bəyanatlarını diqqət mərkəzinə gətirin. Və yaxud başqa bir fakt. Cəbhədə Azərbaycanın gücünü hiss edən kimi Rusiyanın Gümrüdəki 102-ci bazasının rəhbərliyinin dərhal Ermənistana göstərdiyi qayğıya nəzər yetirin. Bunlar birinci hal deyil,nə də bu münasibətlərə axırıncı addım kimi baxmaq olmaz. Kreml danışmayanda öz sözünü,mövqeyini həmişə pontamima sayağı ortalığa qoyub və başqalarının dili ilə terrorçu Ermənistanın arxasında dayandığını bəyan edib.
Beləliklə,köhnəlmiş termin olan müharibə şəraiti artıq gündəmdən çıxmalıdır. Bir şey ki,düşmən hər gün atəşkəs rejimini pozaraq özbaşınalığını davam etdirir,deməli,onunla başqa dildə danışmaq lazımdır. Artıq demək olar ki,müharibə gedir.
Azərbaycanın düşmən üzərində qələbəsi üçün bütün imkanları vardır. İstər ordunun gücü,istərsə də iqtisadi qüdrət etibarı ilə ölkəmiz Ermənistan ilə heç müqayisə oluna bilməz. Hazırda Azərbaycan Silahlı Qüvvələri böyük silah-sürsat arsenalına malikdir və bu silahları idarə edə biləcək yüksək peşəkar və qabiliyyət sahibi olan zabitlərimiz vardır. Ümumiyyətlə,ordunun son ana hazır olması üçün dövlətimiz və hökümətimiz Azərbaycan Silahlı Qüvvəllərinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə mümkün olan hər şeyi edib. Xalqımız terrorçu Ermənistanı qısa müddətdə susdurmaq üçün Azərbaycan ordusunun gücünə və imkanına ümidini üzməməlidir. Son hadisələr göstərdi ki,silahlı qüvvələrimizin əzmini və rəşadətini sındırmaq olduqca çətindir. Doğrudur,13 şəhid verdik, amma düşmən bizdən daha çox itirdi. Biz bu qəhrəman vətən cəfakeşlərinin qarşısında baş əyməyə mənən borcluyuq. Onlar Azərbaycanın dövlət müstəqilliyini qorumaq üçün canlarını fəda etdilər və yağı düşmənə irəliləməyə imkan vermədilər. Belə vətən övladları olan torpağın xilası qaçılmazdır.
Əslində müharibəsiz də bu münaqişəyə yekun vurmaq mümkündür. Bunun üçün sadəcə Rusiya özündə təpər tapıb terrorist dövlət olan Ermənistanın arxasından çəkilməlidir. Bu zaman həqiqətən geniş savaşa ehtiyac da qalmayacaq. Çünki erməniyə dil verən olmasa,bu millət o dərəcədə qorxaqdır ki,müstəqil addım atmağa cəsarət etməz. Mən bu milləti yaxşı tanıyıram. Başqa bir fakt bundan ibarətdir ki,müharibədə qələbənin təmin olmasında əsas və başlıca şərtlərdən biri iqtisadi inkişafa bağlıdır. Bu mənada, müharibə şəraitində Azərbaycan dövləti öz ordusunu səhra şəraitində uzun müddətə tam qoruyub saxlaya bilər. Ermənistan isə bu şəraitdə bir həftə belə duruş gətirə bilməz və ordu sadəcə məhv olub sıradan çıxar. Hələ 3 il bundan qabaq Ermənistan buna bənzər başqa bir problemlə üzləşdi. 11 hərbi hissəni saxlaya bilmədiyinə görə ləğv etdi. İndinin özündə də əsgər anaları öz övladlarına həftəlik ərzaq daşıyırlar. Bax vəziyyət belədir. İtkilərimiz bizi səbr və təmkinə,ictimai dözmlülüyə sövq etməlidir. Müharibənin qanunları sərt olur. Bu, bizi sarsıtmamalıdır. Son qələbə Azərbaycanındır. Bunu söz xatirinə demirik. Azərbaycan dövlətinin xalqla birliyi və münaqişənin ədalətli həlli üçün apardığı düzgün və dönməz siyasi fəaliyyət bu möhtəşəm günü bizlərə bəxş edəcəkdir.