İddia edilir ki, ABŞ Dövlət Katibi Marko Rubio müxtəlif ölkələrdə xidmət edən ABŞ diplomatlarına “İrandan artan hücum riskinə” qarşı “hökumətləri təcili tədbirlər görməyə təşviq etməyi” tapşırıb.
Elchi.az xəbər verir ki, ABC News-un daxili yazışmalara əsaslanan məlumatına görə, təlimat “İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) fəaliyyəti ilə bağlı artan narahatlıq” başlıqlı tədbir tələbi çərçivəsində gizli şəkildə bütün diplomatik və konsulluq nümayəndəliklərinə göndərilib.
Yazışmalarda ABŞ diplomatlarına bu mesajı 20 marta qədər öz ölkələrindəki ən yüksək vəzifəli şəxslərə çatdırmaq tapşırılıb.
İranın və İranpərəst qrupların hücum imkanlarını azaltmaq üçün təcili addımların atılmasını tələb edən yazışmalarda “artan hücum riskinə” qarşı kollektiv tədbirlərin vacibliyi vurğulanıb.
Yazışmalarda deyilirdi: “Biz İran rejiminin birtərəfli addımlardan daha çox birgə tədbirlərə cavabdeh olduğunu və birgə təzyiqin rejimin davranışını dəyişdirməkdə daha təsirli olacağını qiymətləndiririk.” Bundan əlavə, İİKK və Hizbullahı “terror təşkilatları” kimi tanımayan ölkələrdə xidmət edən diplomatlara hökumətlərini bu istiqamətdə “sürətli tədbirlər görməyə” təşviq etmələri tövsiyə olunub və belə bir addımın İrana təzyiqi artıracağını və qlobal təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərin məhdudlaşdırılmasına töhfə verəcəyini iddia ediblər.
Şayəstə





















