"Roldan çıxış"

🗓 06.10.2014 02:58 ✍️ "Elçi" qəzeti
"Roldan çıxış"
Kult.az yeni layihəyə başlayır. "ROLDAN ÇIXIŞ" adlı bu layihədə aktyorlar roluna girdikləri obrazlar14124161711nureddin_8 haqda danışacaqlar.  Beləliklə, Nurəddin Mehdixanlı "Əmir Teymur" obrazı barədə:   "Əmir Teymur Türk dünyasına nifrəti olan tarixi mənbələrdə zalım, qəddar, başkəsən, başlardan qala düzəltməyi sevən bir adam kimi təqdim edilir. Ancaq qətiyyən belə deyil. Teymur çox mərd, dostluqda sədaqətli, hətta düşmənlərinə qarşı münasibətdə mərd, ailəsinə həddindən artıq bağlı, kövrək bir insan olub. Kiçik nəvəsi dünyasını dəyişdikdə Əmir Teymur üz-gözünü cırır, saçlarını yolur, özünü torpağa bələyir. Dəfələrlə ona hücum edən, açıq döyüşdə mərdliklə vuruşan düşmənini öldürmür. Əmir Teymur, əsgərləri hansı əzabı çəkirdisə, o  da əsgərləri ilə həmin zülmün, əzabın içində idi. Heç vaxt özü üçün xüsusi şərait yaratmayıb. Çox maraqlıdır ki, bütün hücumlarını qışda edirdi. Əsgərlərini çətinliyə öyrədirdi. Özü isə daim qabada idi. Hətta bir döyüşdə ölümlə nəticələnə biləcək hadisə baş verir. Mühafizəçilərindən ayrılaraq çox irəliyə gedir və düşmənlərin əhatəsində tək qalır. Siz təsəvvür edin, mühafizəçilər çatana qədər zədəli qolu ilə təkbaşına 24 nəfərə qarşı vuruşur. Əmir Teymur qorxmaz, cəsur olduğu qədər də qadınına, övladlarına qarşı nəvazişlidir. Onu təhqir edən İldırım Bəyazidə ən yüksək hörmət və ehtiramı göstərir. Birinci sözü bu olur: “Ehtiramda zərrə qədər qüsur edilməsin”. Müraciət forması isə “sultanım”, “xaqanım” olur. Siz mənə elə bir nümunə göstərə bilərsinizmi ki, əsir aldığın adamla bu cür rəftar edəsən? Belə bir nümunə olub. Qüds uğrundakı savaşda ingilis kralının atı vurulur və kral atdan yıxılıb. Səlahəddin Əyyubi döyüşü saxlatdırıb, öz atlarından birini ona göndərib və kral ata mindikdən sonra döyüşü davam etdirib. Yəni, bunlar böyük tarixi şəxsiyyətlərdir. Mən “Əmir Teymur” tamaşasının hazırlıq prosesinin əvvəlində olmamışam. Teymur rolunu başqa aktyor işləyirdi, sonradan mən dəvət olundum. Əvvəl dəvəti qəbul etmək istəmədim, çünki onlar mənim aktyor yoldaşlarımdır. Ancaq Mehriban xanımla bizim çox söhbətlərimiz oldu, o, məni inandırdı və mən də inandımsa, o işə qol qoyuram. Mən Teymurdan xəbərsiz adam deyiləm. Hər kəsin bir xəstəliyi olur, mənim də bir xəstəliyim var: tarixi öyrənmək. Teymurun oturuşu, duruşu, yerişi, ətrafındakı adamlara münasibəti ilə bağlı məlumatlara  kifayət qədər bələdəm. Onun elm adamlarına, qələm adamlarına çox böyük hörməti, diqqəti olub. Teymur ona nifrət edən bir adamı – İbn Ərəbşahı gətirib yanına və deyib ki, mənim salnaməmi sən yazacaqsan. Onu tərifləyənlərdən birini gətirə bilərdi yanına, amma ona nifrət edən adamı gətirir yanına. İbn Ərəbşah üçün hər cür imkanı yaradır. Bilir ki, onu tərifləməyəcək, hər şeyi çılpaqlığı ilə yazacaq. Ona görə də Teymur haqqında ən dəqiq məlumatlar Ərəbşahın yazdıqlarıdır. Hər şeyi olduğu kimi yazıb. Biz bu Teymuru göstərməyə çalışdıq. Teymur təkcə qılınc oynatmağı bacarmırdı. O, həm də böyük idrak, intellekt sahibi idi. Ən çox sevdiyi məşğuliyyətlərdən biri şahmat oynamaq idi. Övladları ilə şahmat oynamağı çox sevirdi. İldırım Bəyazidi əsir alıb gətirirlər, o, oturub oğlu Şahruxla şahmat oynayır. Məhz bunu gətirdik səhnəyə. Biz heç də Avropanın bizi dünyaya tanıtdığı kimi cahil, vəhşi millət deyilik. Biz çox şeyi bilirik. Teymur ilk yazılı hərbi qaydaların müəllifidir. Savaşı necə aparmalı, arxa cəbhəni necə qurmalı, kəşfiyyat işi necə qurulmalı, düşmən cəbhəsində təxribat işləri nə şəkildə aparılmalıdır? Bu hərb qaydalarını yazıb ortaya qoyan şəxsiyyətdir. Teymur sıradan bir adam deyil. Osmanlılar heç vaxt Teymuru sevməyiblər. İndi də Türkiyədə Əmir Teymura münasibət fərqlidir. Amma məsələ burasındadır ki, Əmir Teymur və İldırım Bəyazidin məktubları ortadadır. O məktubları oxuyun və nəticə çıxarın. Günahkar axtarırsınızsa, görün kimdir günahkar. İkincisi, Teymurla İldırım Bəyazidi baş-başa gətirən Avropa idi. İki böyük Türk dövlətinin bir-birinin yanında olması Avropanın yox olmasına gətirib çıxaracaqdı. Ona çalışdılar və nail oldular. İldırım Bəyazidin yanında sonra qədər vuruşanlar serb əsgərləri idi. Şah İsmayılla Sultan Səlimi də Avropa baş-başa gətirdi. Biz bundan nəticə çıxarmalıyıq. Teymur deyirdi: “Osmanlılar da avropalılar kimi Asiyanı qitə hesab eləmir, onlar avropalılar kimi asiyalıları vəhşi, cahil, kobud bir tayfa kimi görürlər. Məni də miskin bir axsaq”. Osmanlının orta asiyalılara qarşı o zamankı münasibəti bu idi. Bu gün tarixdə baş verən hadisələri yenidən qaldırıb türk qövmlərini yenidən üz-üzə qoymaq cəhdləri var. Qəzetlərdə var, mətbuatda var, sosial şəbəkələrdə var. Müəyyən qüvvələr var ki, bu işləri aparırlar. İndiki nəsil ondan dərs çıxarmalıdır. Bu gün Orta Asiya türkü, Anadolu türkü, Azərbaycan türkləri, İran adlanan ölkədə yaşayan 40 milyon türk, İraqda yaşayan türklər, türkmənlər bir şeyi anlamalıdırlar: Dünən bizim babalarımızın buraxdığı səhvi, bu gün müzakirə edib bir-birimizin üzərinə getməməliyik. Dünən dünəndə qaldı. Biz əgər, doğrudan da, bu millətin övladıyıqsa, bu gün baş verənlərdən dərs çıxarıb bir yerdə olmalıyıq. Biz bir yerdə olsaq, Əmirimizə “Topal” deyə bilməyəcəklər. Onda bizim İldırım Bəyazidimizə “Kor sultan” deyə bilməyəcəklər. Çünki Bəyazid də, Əmir Teymur da, Şah İsmayıl da, Sultan Səlim də bizimdir, Hamısı böyük türk millətinin övladlarıdır. Tamaşanın sonunda niyə İldırım Bəyazidlə Əmir Teymuru baş-başa söykəyirik? Çünki günahlarını anladılar. Siz də anlayın. Bunların əməlləri ucbatından dağıldı o arzular, Böyük Turan arzusu dağıldı. Başlar kəsildi, ortalıqda xaraba qaldı. Ona görə Teymur tamaşanın sonunda deyir: “Ey siz, atlarınızın ayağına bez bağlayın ki, bu fəsad torpağı burda qalsın. Türküstana bulaşmasın.” Biz bu Teymuru göstərməyə çalışdıq. İndi bunu kim necə istəyir qəbul etsin. Hər kəsin öz fikri, öz yanaşması var. Amma bu bizim təqdimatdır. Qəbul edən sağolsun, etməyən də sağolsun, tənqid edənlər də sağolsun, tərifləyənlər də. Bu tamaşa 1926-cı ildə “Azdrama”da qoyulub və bağlanıb. Biz böyük Hüseyn Cavidi və böyük Teymuru “Azdrama”nın səhnəsinə qaytardıq. Teymurun adı ilə 300-500 tamaşaçının qabağına çıxmaqdan böyük xoşbəxtlik ola bilməz. Bu xoşbəxtlik hər aktyora nəsib olmur. Teymur bizim babamızdır, əmirimizdir.  Bu düşüncələri yaşamağın özü insana elə şeylər verir ki, bir milyard pulun-paran ola, o hissi yaşaya bilməzsən. Əmir Teymur tamaşası olanda mən səhər tezdən teatrda oluram. Girirəm otağıma, düz axşam tamaşa başlayana qədər. Geyimi, o detalları bir-bir gözdən keçirirəm, sonra qrim ustası gəlir. O prosesi yaşamağın özü bir xoşbəxtlikdir. Bundan sonra kim məni tənqid eləyir eləsin, kim “Nurəddin Mehdixanlı düz axsamırdı” deyir, desin. Mən Əmir Teymurun, Hüseyn Cavidin, teatrın və tamaşaçılarımın qarşısında borcumu qaytarmağa çalışıram. Mən bunu bacarıram. Siz məndən yaxşısını edin və mən ayaq üstə durub alqışlayım.  

Bənzər yazılar