Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi İsrailin İrandakı nüvə obyektlərinə hücumlarının ölkədə nüvə təhlükəsizliyinin qəfil pisləşməsinə səbəb olduğunu bəyan edib və nüvə obyektlərinə heç vaxt hücum edilməməli olduğunu vurğulayıb.
Elchi.az xəbər verir ki, Qrossi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) onlayn olaraq iştirak etdiyi “Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” adlı iclasda İsrailin hücum etdiyi İrandakı nüvə obyektləri ilə bağlı açıqlamalar verib.
Qrossi deyib ki, İsrailin İrandakı nüvə obyektlərinə hücumları ölkədə nüvə təhlükəsizliyinin “dərhal” pisləşməsinə səbəb olub və bu günə qədər ictimaiyyətə təsir edən heç bir radiasiya sızması olmayıb.
Qrossi qeyd edib ki, MAQATE nüvə obyektlərinin vəziyyətini diqqətlə izləyir və istənilən nüvə insidentinə müdaxilə edə bilər.
“Buşəhr Atom Elektrik Stansiyası”nın mümkün hücumun nəticələrinin ən ağır ola biləcəyi nüvə sahəsi olduğunu vurğulayan Qrossi, stansiyanın işlək vəziyyətdə olduğunu və minlərlə kiloqram nüvə materialına ev sahibliyi etdiyini bildirib.
Qrossi Tehran Nüvə Tədqiqat Mərkəzinə hər hansı bir hücumun ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək, “Nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir. Belə bir vəziyyət hücuma məruz qalan dövlətin sərhədləri daxilində və onun hüdudlarından kənarda böyük nəticələrə səbəb ola biləcək radioaktiv sızmalara səbəb ola bilər” ,- deyib.
MAQATE-nin baş direktoru Qrossi də bəyan edib ki, “ciddi yoxlama sistemi vasitəsilə MAQATE İranın nüvə silahı istehsal etməyəcəyinə zəmanət verə bilər”.
Nuranə Məmmədova


















