İsrailin qıtlıq saldığı Qəzza zolağında son 24 saatda biri uşaq olmaqla daha 14 fələstinlinin aclıqdan öldüyü, ölənlərin sayının 147-yə çatdığı bildirilib.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş X hesabında bir paylaşımda Qəzzada aclıqdan ölənlər haqqında məlumat paylaşıb.
“Qəzzada aclıq can almağa davam edir” deyən Burş, son 24 saatda biri uşaq olmaqla 14 nəfərin daha aclıqdan öldüyünü bildirib.
Burş qeyd edib ki, Qəzzada aclıqdan ölənlərin sayı 88-i uşaq olmaqla 147 nəfərə çatıb.
Burş Qəzzada aclıqdan ölən fələstinlilərə də toxunaraq, “Bu rəqəmlər sadəcə statistika deyil, vicdan sahibi olan hər kəs üçün kömək çağırışıdır” dedi. Burş, İsrailin yardımları əngəllədiyini vurğulayaraq, “Aclıq dünyanın gözü qarşısında Qəzzalı uşaqları öldürərkən, körpə qidası və ləvazimatları kilometrlərlə uzaqdadır. Bu səssizlik nə qədər davam edəcək?” İsrailin blokadasına toxunan Burş, “Bu blokada tam şəkildə soyqırıma çevrilməmiş Qəzzada qalan canları xilas edin” deyərək yardım çağırıb.
Şayəstə Hüseynova


















