Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elchi.az xəbər verir ki, dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəminə toxunub.
Gələcəkdə ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələri daha da genişləndirməyin əhəmiyyətini vurğulayıb.
Qəbula və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edən Numan Kurtulmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Qonaq Bakıda keçirilən tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, dövlət başçısının tədbir iştirakçılarına ünvanlandığı müraciətin zəngin məzmunlu olduğu deyib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunularaq, ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurlu inkişafı qeyd edilib, dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsinin olmadığı bildirilib və bu, birgə sərvətimiz kimi qiymətləndirilib. Ölkələrimiz arasında dostluğun və qardaşlığın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu vurğulanıb.
Görüşdə qanunverici orqanlarımız arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsinin perspektivləri müzakirə olunub.




























