Sentyabrın 23-də Polşa Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Mi-8” helikopteri tərəfindən ölkənin hava məkanının pozulması faktını qeydə alıb.
Elchi.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının bəyanatında deyilir.
Polşa hərbçilərinin qeyd etdiyi kimi, insident Branevo qəsəbəsindən şimalda baş verib.
“Helikopter Kalininqrad vilayətindən uçuş həyata keçirirdi. O, Polşanın hava məkanına maksimum 300 metr dərinlikdə daxil olub və 42 saniyə ərzində orada qalıb”, – deyə məlumatda bildirilir.
Helikopterin uçuşu Polşa Silahlı Qüvvələrinin radiolokasiya sistemləri tərəfindən izlənilib. Qırıcı təyyarələr havaya qaldırılıb, quru qoşunları və texnikası isə hazır vəziyyətə gətirilib.
“İnsidentin xarakteri göstərir ki, Rusiya növbəti dəfə bizim hava hücumundan müdafiə sistemimizin hazırlıq səviyyəsini yoxlayır”, – deyə komandanlıq əlavə edib.
Polşa Respublikasının Hava Hücumundan Müdafiə sistemlərinin heyəti ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün sutkaboyu müşahidə aparır və daimi döyüş hazırılığındadır.
Məryəm





















