“Paşinyan növbəti savaşın baş verməsini istəmirsə…”-Deputat

109

“Köçəryanın prezidentliyi dönəmində Ermənistanın xarici işlər naziri vəzifəsində çalışmış Vardan Oskanyan cəbhədə və diplomatiya müstəvisində niyə uduzduqları, uduzmaqda davam etdikləri, bunun qarşısını almağın yolları haqda növbəti cızmaqarasını yazıb. Oskanyan uduzmalarının əsas səbəbi kimi Ermənistanda 2018-ci ildə hakimiyyətə gələnlərin “diplomatiya və beynəlxalq əlaqələr haqda elementar təsəvvürlərinin olmaması”nı göstərir. Amma qələt edir. Guya Köçəryan və Sərkisyan hakimiyyətə gələndə onların diplomatiya haqqında anlayışları Paşinyanınkından çox idi? Əlbəttə, yox”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev Feysbuk hesabında qeyd edib:

“O yaramazların “üstünlük”ləri bundan ibarətdir ki, sərbəst xarici siyasət yürürtmür, Qarabağ məsələsində bağlı olduqları çevrənin tapşırıqlarından bir addım da kənara çıxmırdılar. Oskanyan şefi Köçəryanın cənab İlham Əliyevlə Rambuye görüşü zamanı ayaq yoluna getmək adıyla danışıqlar stolunu tərk edib oradan Moskvayla əlaqə yaratmasını, telefonla verilən əmrə uyğun olaraq qarşı tərəfə heç nə demədən dabanına tüpürüb Fransadan qaçmasını yəqin unutmayıb.
Paşinyansa onlardan fərqli olaraq arada Moskvayla məsləhətləşmədən nələrəsə cəhd etdi və indi də etməkdədir. Ona görə yox ki, o, müstəqil düşüncə yiyəsidir. Sadəcə, Paşinyanın qibləsi qərbdədir, quzeydə deyil.
Savaşa gəldikdə özəlliklə də 2013-cü ildən üzü bəri elə bir reallıq yaradılmışdı ki, Ermənistanın başında kimin durmasından asılı olmayaraq ordusuna Azərbaycan torpaqlarını tərk etmək əmri vermədiyi halda ondan qaçması mümkünsüz idi.
2016-cı ildə Ermənistana “təcrübəli” Sərkisyan rəhbərlik edirdi, bəs onda niyə haylar yenə eyni reallıqla üzləşdilər? Yeri gəlmişkən, o zaman döyüşlərin qısa bir zamanda başa çatmasının sirri heç də Sərkisyanın “böyük diplomat” olmasıyla bağlı deyildi. Əfqanıstan məktəbi keçmiş, Ermənistan ordusunun formalaşmasında əsas rol oynamış, 1992-ci ildə məhz o məqsədlə Moskvadan İrəvana göndərilmiş “qoca tülkü” ləqəbli hay general Norat Ter-Qriqoryants elə-belə xəbərdarlıq etmirdi ki, 2016-cı ilin aprel döyüşləri kəşfiyyat xarakterlidir, bunun ardınca əsl savaş olacaq. Və oldu da.
Yəni diplomatiya haqda Paşinyanla Köçəryan-Sərkisyan cütlüyündən xeyli çox anlayışı olan Oskanyan özü belə Ermənistana rəhbərlik etsəydi, haylar Azərbaycan torpaqlarını boşaltmayacaqları halda savaşdan və təbii ki, məğlubiyyətdən qaça bilməyəcəkdilər.
İndi əgər Paşinyan növbəti savaşın baş verməsini, daha böyük itkilərlə üzləşmələrini istəmirsə, Oskanyanın son cızmaqarasında yazdığının əksini etməli, danışıqları uzatmamalı, sabahkı görüşdə Prezident İlham Əliyevin irəli sürdüyü əsas tələbi yerinə yetirməlidir. Yəni Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləməli və status xülyasından əl çəkməlidir”.

Şayəstə