Nepalın Çinlə sərhəddə yerləşən Rasuva dairəsində baş verən daşqın nəticəsində ən azı 16 nəfər həlak olub, 400-ə yaxın turist isə itkin düşüb.
Elchi.az xəbər verir ki, bu barədə çərşənbə günü “EFE” agentliyi Nepal hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən məlumat yayıb.
Polis nümayəndəsi qurbanların sayının artacağını istisna etməyib.
Nepalın Turizm İdarəsinin məlumatına görə, daşqından sonra ən azı 384 turist itkin düşmüş hesab olunur. Onların arasında 93 Nepal sakini, 291 xarici vətəndaş var; xüsusilə Böyük Britaniya, ABŞ, Avstraliya, Niderland, Malayziya və Hindistan vətəndaşları üstünlük təşkil edir. Bununla yanaşı, 111 nəfərin vətəndaşlığı hələ də müəyyənləşdirilir.
Nepalın Çinlə sərhədində xidmət edən doqquz polis əməkdaşı da itkin düşənlər siyahısındadır.
Həlak olanların vətəndaşlığı dəqiqləşdirilmir.
Axtarış-xilasetmə əməliyyatları zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları 25 nəfəri xilas edə biliblər. Əməliyyatlar davam edir, prosesə 14 helikopter cəlb olunub.
Daşqın başlanğıcını Tibetdən götürən və Nepal ərazisindən keçən Bhote-Koşi çayında suyun səviyyəsinin qalxması səbəbindən baş verib. Ən çox zərər çəkənlər çay kənarında yerləşən yaşayış məntəqələri, xüsusilə Timure və Syaprubesi olub. Su bazarları və yaşayış məhəllələrini basıb, polis məntəqələrinə və hidroenergetika obyektlərinə ciddi ziyan vurub, körpüləri və yolları dağıdıb.
İlkin məlumatlara görə, çayda suyun səviyyəsinin qalxmasına Tibetdə torpaq sürüşməsinin baş verməsi səbəb ola bilər.
Məryəm





















