Neftdə qiymət şantajı

🗓 04.02.2015 13:13 ✍️ "Elçi" qəzeti
Neftdə qiymət şantajı
75Beynəlxalq iqtisadi münasibətlərin yeni oyunları başlayıb “Neftin dünya bazarı qiymətində artımlar müşahidə edilməkdədir və güman olunur ki, bu addımlar davam edəcək”, - deyə iqtisadçı ekspert Vüqar Bayramov Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq barədə son bəyanatını şərhş edərkən bildirib. Ər-Riyad rəsmilərinin "New York Times"a verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər və bu dünya bazarında qiymətlərin qalxması ilə nəticələnə bilər. Amma bunun əvəzində Rusiya tərəfi Bəşər Əsədin rəhbərlik etdiyi Suriya hökumətini dəstəkləməkdən imtina etməlidir. Səudiyyə və ABŞ məmurlarının sözlərinə görə, Səudiyyə Ərəbistanın hakimiyyəti bununla bağlı Rusiya tərəfi ilə danışıqlar aparıb, amma nəticə əldə edilməyib. Vüqar Bayramovun fikrincə, bu ölkənin hasilatın azaldılması ilə bağlı qərar qəbul etməsi neftin dünya bazarı qiymətinin yüksəlməsinə gətirib çıxaracaq: "Çünki OPEC ümumi neft hasilatının 40 faizini təşkil edir. OPEC-in hasilatının 1/3-dən artığı isə məhz Səudiyyə Ərəbistanının payına düşür". Ekspertin fikrincə, ümumiyyətlə, beynəlxalq iqtisadi münasibətlərdə bu cür siyasi şərtlərlə strateji məhsulların qiymətinin dəyişməsi arzuolunan deyil: "Bu, o deməkdir ki, strateji məhsulların qiyməti birmənalı şəkildə iqtisadi deyil, siyasi faktorlarla müəyyənləşdirilir. Yəni ki, neftin dünya bazarı qiymətinin dəyişməsi bir sıra ölkələrə təzyiq vasitəsi kimi istifadə olunur. Bu, bütünlükdə qlobal iqtisadi sistemin ciddi şəkildə siyasiləşdirilməsindən xəbər verir. Bu baxımdan Rusiyanın Suriyaya yardımının azaldılması və ya Suriyadakı döyüşlərin başqa istiqamətdə inkişaf etməsi neftin dünya bazarı qiymətinin yüksəlməsinə gətirib çıxara bilər", - deyə Vüqar Bayramov ANS PRESS-ə bildirib. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, neftin qiymətilə bağlı məsələdə Səudiyyə Ərəbistanının keçmiş kralı ilə Amerika arasında sövdələşmə aradan qalxır. "İndiki kral isə özündən əvvəlki kralın siyasətini dəyişdirir. O gələndən sonra neftin qiymətində artım da müşahidə olunur. Suriya məsələsi Səudiyyə Ərəbistanı üçün o qədər də prinsipial deyil. Amma əgər bu, doğrudursa, bu, Səudiyyə Ərəbistanı ilə Amerika arasında münasibətlərin korlanmasına gətirib çıxara bilər. Hətta Amerika preizdenti təziyə mərasiminə gələndə də onun qarşılanması bütün protokol qaydalarına uyğun həyata kezirilməmişdi. Ola bilsin ki, yeni kral sürpriz qərar verərək Rusiya ilə gizli sövdələşmə aparsın, amma bu, az inandırıcıdır. Lakin bu, Səudiyyə Ərəbistanının yeni siyasəti - Rusiya ilə yaxınlaşma siyasəti də ola bilər", - deyə politoloq ANS PRESS-ə bildirib. Politoloq Rasim Ağayevin fikrincə, Səudiyyə Ərəbistanı belə bəyanat verməklə Rusiyanı şantaj edir. “Lakin Moskva çox güman ki, ağır vəziyyətinə baxmayaraq, bu təklifi rədd edəcək. Çünki bu təklifi qəbul etmək Rusiya üçün alçaldıcı olacaq”, - deyə politoloq ANS PRESS-ə bildirib. Politoloqun firkincə bu məsələnin Azərbaycana heç bir təsiri olmayacaq. “Azərbaycan bu oyunda iştirak etmir”, - deyə Rasim Ağayev vurğulayır.
ANS PRESS

Bənzər yazılar