“Neftçi”nin uduzdurulmasının təfərrüatları...
..."Neftçi yenə uduzdu". Bu məşhur deyimi xatırlamamaq mümkün deyil. “Evləri köndələn yar” tamaşasında
elçi gedən oğlanın atası - mərhum Səyavuş Aslana “əşi ”Neftçi"nin udan günü olub ki?" cavabı da günümüz üçün aktualdır. Çünki iyulun 17-də “Neftçi” yenə uduzaraq hər kəsi pərişan etdi. Avroliqa oyunlarına ikinci təsnifat mərhələsindən başlayan flaqman Sloveniyanın “Koper” klubuna doğma meydanda 1:2 hesabı ilə məğlub oldu.

Adı neftə, ölkənin ən böyük sərvətinə, ARDNŞ prezidenti Rövnəq Abdullayevə bağlı olan “Neftçi” Bakıda uduz(durul)du. Oyunun xronologiyasına, hansı dəqiqələrdə kimlərin qol vurmasına, hakimin idarəçiliyinə, hansı futbolçunun zəif çıxış etməsinə toxunmağa ehtiyac yoxdur.
Oxucular qarşılaşmanı efirdən canlı yayımla izləyə biliblər. Amma bu matçın pərdəarxası məqamları mübhəm olaraq qalır. Kimsə bilmədi ki, əslində “Neftçi” niyə yenə uduzdu?!
***
Oyunun sonlarına yaxın “İstefa!” şüarları stadionu bürüməyə başladı. Yüzlərlə azarkeş doğma meydanda məğlubiyyətə görə istefa çağırışı edirdi. Çoxumuz elə güman edirdik ki, azarkeşlər baş məşqçi Böyükağa Hacıyevi istefaya çağırır. O Hacıyev ki, komandanı tarixdə ilk dəfə Avroliqanın qrup mərhələsində oynadıb.
Lakin az sonra məlum oldu ki, istefa çağırışları klubun vitse-prezidenti, idman jurnalistlərinin bir o qədər də sevmədiyi, daima tənqid olunan Tahir Süleymanova yönəlib. Çevik Polis Alayının əməkdaşları isə azarkeşləri sakitləşdirməyə, daha əsəbi görünənlərə təzyiq göstərməyə çalışırdı. Stadionu tərk edənə kimi “İstefa!” şüarları “Bakcell Arena”nı bürüyür və çoxlarının dilindən eşitdiyimiz bu olur - “Neftçi”nin futbolçuları qəsdən belə oyun nümayiş etdirdilər.
Və istefa şüarları ilk dəfə narazıların tələbinin yerinə yetirilməsi ilə nəticələndi. Qarşılaşma bitər-bitməz klubun vitse-prezidenti Tahir Süleymanov “Koper”ə qarşı cavab görüşündə Sloveniyaya getməyəcəyini və istefa qərarını açıqladı.
***
T.Süleymanov “Neftçi”nin növbəti mərhələyə keçə bilmədiyi təqdirdə komandada heç kimin qalmamalı olduğunu bəyan edib. Elə baş məşqçi Böyükağa Hacıyev də ondan fərqli bir çıxış etməyib. Gəlin Hacıyevin dedikləri ilə tanış olaq və daha sonra futbolçuların nə üçün oyunu uduzmasını, istefaların belə operativ şəkildə verilməsini aydınlaşdıraq.
Sitat: “Cavab matçında fərqli nəsə düşünməyə çalışacağam. Gizlətmirəm, cavab oyununda mərhələ adlaya bilməsək, mən istefa verib gedəcəyəm. Uşaqları qınamıram. Səhvlərdən buraxdığımız qollarla uduzduq. Mənim çantam həmişə qapının ağzındadır. İstefa verməyə həmişə hazıram”.
Baş məşqçi sonra əlavə edir:
“Yəqinz azarkeşlər əcnəbi məşqçinin gəlməsini istəyirlər. Biz mərhələ adlasaq belə, mən ”Neftçi"dən gedəcəyəm. Hər ailədə söz-söhbət ola bilər. Çox təəssüf ki, 3 ildə qazanılan nəticələr artıq azarkeşləri qane etmir. Mənz yəqin ki, “Neftçi”dən ayrılandan sonra işsiz qalmayacağam. Mənim hələ şedevr əsərim qalır. Onu yazmamış futboldan getməyəcəyəm".
Göründüyü kimi, narazılıq var. Bu istefalar və flaqmanın zəif çıxışına gəlincə, narazılığın səbəbi komandada bir böhran yaşanmasıdır. Bu böhran isə “Neftçi”nin futbolçularına bir müddətdir əmək haqları verilməməsidir.
***
Stadionu tərk edərkən öyrənirik ki, oyunçular maaşlarını ala bilmir. Klub prezidenti Sadıq Sadıqov nə səbəbə onların maaşlarını ödəmir, aydın deyil. Eyni zamanda “Neftçi”nin texniki işçiləri, komandanın meydandan kənarda zəhmətini çəkən adamları da əmək haqlarını ala bilmirlər. Belə ki, iki ayın məvacibi ödənilməyib. Klubun büdcəsi 18 milyon dollar təşkil edir.
Mənbə deyir ki, “Koper”in büdcəsi 2 milyondan o tərəfə keçmir: “Burada çirkli pulların yuyulması prosesi gedir. Xaricdən gətirilən futbolçuları ucuz qiymətə alıb, şişirdilmiş rəqəmlər yazırlar. Sonra müəyyən qismini geri alırlar”.
Bundan sonra necə olacağı bilinmir. Amma bilinən budur ki, Sadıq Sadıqovun klub prezidentliyindən gedəcəyi gözləniləndir. O halda R.Abdullayevin adamının yerinə “Neftçi” rəhbərliyinə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun kadrının gətiriləcəyi ehtimal edilir.