Balıqçının Kanada sahillərində çəkdiyi kadrlar bütün dünyada milyonlarla insanın diqqətini çəkib. Labrador dənizində adətən ağ və ya mavi rəngdə olan buz təbəqələri arasında qatran kimi qara aysberq üzürdü.
Elchi.az xəbər verir ki, bu anı lentə alan Hallur Antoniussen mayın ortalarında Saputi balıqçı gəmisində balıq tuturdu. Görüntüləri sosial mediada paylaşan Antoniussen CBC Radiosuna deyib: “Mən əvvəllər sahildə daşların qarışdığı aysberqlərin yuvarlandığını görmüşəm.
Amma bu tamam başqa idi. O, sadəcə olaraq tamamilə qara deyildi, demək olar ki, almaz formalı idi”.
Qara aysberqlər necə əmələ gəlir?
Aysberqlərin adətən ağ görünməsinin səbəbi onların içərisində sıxışan hava qabarcıqlarıdır. Bu qabarcıqlar işığı bütün dalğa uzunluqlarına yayaraq ağ görünüş yaradır.
Zaman keçdikcə buz sıxıldıqca buzun içindəki hava qabarcıqlarının sayı azalaraq onu şüşə kimi şəffaf edir. Bu zaman qırmızı işıq udulur və mavi işıq daha çox səpələnir və aysberqə mavi rəng verir.
Ancaq aysberq əmələ gəldikdə müxtəlif maddələr də qarışa bilər. Məsələn, tərkibində dəmir oksidi olan aysberqlər yaşıl görünür. Qara və ya tünd boz aysberqlər adətən torpaq, daş və ya digər tünd rəngli materialların buza qarışması nəticəsində əmələ gəlir. Antoniussenin müşahidə etdiyi qara aysberqin bu növün məlum nümunələrindən fərqli bir görünüşü var.
Şayəstə Hüseynova


















