Myanmanın paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb: xəstəliyin xarakterik simptomları ilə 200-ə yaxın insan xəstəxanaya yerləşdirilib, 90-dan çox pasiyentdə isə diaqnoz laboratoriya üsulu ilə təsdiqlənib.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən “The Star” nəşri xəbər verir.
Zərərçəkənlərin hamısında kəskin diareya, zəiflik və susuzlaşma müşahidə olunur. Səhiyyə Nazirliyinin məlumatına görə, 54 pasiyentin vəziyyəti ağırdır. Bir ölüm halı qeydə alınıb — 92 yaşlı qoca kişi dünyasını dəyişib.
Ən çox xəstələnmə halları Lanmado, Lata, Papedan və Kyauktada rayonlarında qeydə alınıb. Hakimiyyət orqanları su və qida məhsullarından nümunələr götürüb, küçə yemək köşkIərini müvəqqəti olaraq bağlayıblar.
“BBC”nin məlumatına görə, halların böyük əksəriyyəti sifariş olunmuş hazır yeməklərin, küçə qidalarının və qaynamamış suyun qəbulu ilə bağlıdır. Həkimlər epidemiyanı daşqınlara və kəmər suyunun çirklənməsinə səbəb olan musson yağışları mövsümü ilə əlaqələndirirlər.
Sakinlərə yalnız qaynadılmış su içmək, əllərini yaxşıca yumaq və təhlükəli qidalardan çəkinmək tövsiyə olunub. Zərərçəkmiş rayonlardakı restoran sahiblərinə yemək hazırlayarkən əlcək və baş örtüklərindən istifadə etmək tapşırılıb. ÜST qeyd edir ki, yağışlar mövsümündə ölkədə bağırsaq infeksiyaları riski xüsusilə yüksək olur.
Məryəm



















