Elon Musk cümə axşamı elan etdi ki, əvvəllər Twitter kimi tanınan X tezliklə istifadəçilərə səsli və video zənglər etməyə imkan verəcək.
Elchi.az xəbər verir ki, xüsusiyyətin Apple-ın iOS və Google-un Android əməliyyat sistemləri ilə yanaşı Mac və fərdi kompüterlərində də mövcud olacağını qeyd edən Mask, bu xidmət üçün telefon nömrəsinə ehtiyac olmayacağını bildirib.
Mask sözügedən xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı bir tarix açıqlamayıb.
Bu elan Maskın Facebook, WhatsApp və Instagram-a sahib olan Mark Zukerberqin META-sı ilə rəqabət aparmağa çalışdığı bir vaxta təsadüf edir.
Lakin kibertəhlükəsizlik mütəxəssisləri X yeni funksiyanı tətbiq edəcəyi təqdirdə təhlükəsizlik problemi ilə bağlı narahatlıqlarını ifadə etdilər, xüsusən də Musk birbaşa mesajlaşma istisna olmaqla, platformanın hər sahəsindən “bloklama” funksiyasını silməyi planlaşdırdığına işarə etdikdən sonra.
ESET Qlobal Kibertəhlükəsizlik Məsləhətçisi Jake Moore Daily Mail-ə bildirib ki, video və audio mesajlaşmanın tətbiqi düzgün həyata keçirilmədiyi təqdirdə potensial olaraq spam dalğasına və arzuolunmaz zənglərə səbəb ola bilər.
Moore mətbuata açıqlamasında “Deyəsən, Maskın yenidən beynində bir fikir var, lakin hələ bunu tam planlaşdırmayıb” dedi.
Sosial media proqramları vasitəsilə zənglər Instagram kimi platformalarda artıq mövcud olsa da, o qeyd etdi ki, bloklama funksiyası olmadan X “spam zənglərinin gizli qalmaq istəyən istifadəçilərə çatmasının qarşısını almaq üçün bir üsul qəbul etməlidir”.
Şayəstə Hüseynova