Medvedev: İstənilən Böyük Britaniya rəsmisi Rusiya üçün qanuni hədəf ola bilər.
Elchi.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çərşənbə günü, mayın 31-də bildirib ki, Böyük Britaniya Rusiyanın əbədi düşmənidir. Rəsminin sözlərinə görə, bu ölkənin istənilən rəsmisi Rusiya Federasiyasının qanuni hədəfi sayıla bilər.
“Bu gün Böyük Britaniya Ukraynanın müttəfiqi kimi çıxış edir, ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, yəni faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Bu halda onun hər hansı məmuru (müharibəyə töhfə verən həm hərbi, həm də mülki) legitim hərbi hədəf kimi qəbul edilə bilər”, – Medvedev Twitter-də yazıb.
Təhlükəsizlik Şurasının sədr müavini Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlini Ukraynanın öz hüdudlarından kənarda “qüvvə layihələndirmək” hüququna malik olması barədə bəyanatına görə tənqid edib.
Medvedev britaniyalı siyasətçiləri “axmaq”, ölkənin özünü isə Rusiyanın “əbədi düşməni” adlandırıb. Onun fikrincə, London rəsmiləri yadda saxlamalıdırlar ki, beynəlxalq hüquqa əsasən, onların mövqeyi həm də müharibə vəziyyətində ola bilər.
Şayəstə Hüseynova