Elchi.az xəber verir ki, Latın Amerikası turu çərçivəsində Venesuelaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Nikolas Maduro tərəfindən qəbul edilib.
İki ölkənin nümayəndə heyətlərinin iştirak etdiyi görüş Maduronun ev sahibliyi etdiyi Miraflores Prezident sarayında baş tutub.
Lavrovla görüşünün görüntülərini Twitter hesabında paylaşan Maduro, “Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli əlaqələrimizi və ölkələrimizin inkişafı üçün müxtəlif sahələrdə birgə əməkdaşlıq xəritəsini gücləndirən xoş görüş keçirdik.” ifadəsini işlədib.
Maduro ötən gün “Maduro ilə daha çox” adlı proqramda Rusiya ilə Venesuela arasında əməkdaşlığı müzakirə edəcəklərini, Rusiyanın Latın Amerikası və Karib hövzəsində varlığının bölgənin xeyrinə olduğunu demişdi.
Lavrov Venesuelaya səfərinin əvvəlində həmkarı İvan Gil və Venesuelanın vitse-prezidenti Delsi Rodriqeslə görüşüb.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrovun 17-21 aprel tarixlərində Braziliya, Venesuela, Nikaraqua və Kubaya rəsmi səfər edəcəyi açıqlanıb.
Lavrov Latın Amerikası turnesi çərçivəsində dünən Braziliyaya ilk səfərini edib.
Şayəstə