“Rus sülhməramlıların Azərbaycan ərazisinə yerləşməsinə Ermənistanın hansı haqla icazəsi lazımdır məntiqi istər müqavilə imzalanan gün, istərsə də beş ilin tamamına altı ay qalmış yenidən Ermənistanın da razılığının lazım olması reallığı Azərbaycan üçün qəbul edilməz haldır və Azərbaycanın dövlət suverenliyinin açıq-aşkar pozulması deməkdir. Ermənistan nə qədər də Qarabağ məsələsini görüntüdə indi Azərbaycanın daxili işi hesab etsə də, müqaviləyə görə yenidən Azərbaycanın daxili işinə qarışmalıdır”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
“Müharibənin sonunda Ermənistanın razılığını müəyyən qədər başa düşmək olar. Müharibə rəsmi olaraq Azərbaycan və Ermənistan arasında gedirdi və imza atılan gün qoşunlar tutduqları mövqelərdə dayandılar. O gündən bu günə Ermənistan qoşunlarını Qarabağdan çıxardığını elan edib ki, bu belə olmasa da, hələlik qəbul etmək olar. Məqam çatanda böyük ehtimalla, nəinki Ermənistan qoşunları, ümumiyyətlə, erməni silahlıları de-fakto Azərbaycan ərazisində olmayacaq. Bu durumda sülhməramlıların Azərbaycan ərazisində qalması müddəti məsələsinə Ermənistanın qərar verməsi, fikir bildirməsi de-yure mümkün olmayacaq. Bundan da belə məntiq hasil olur ki, rus sülhməramlılarının Azərbaycan ərazisində qalması artıq avtomatik olaraq mümkün olmayacaq. 2025-ci ilin noyabrın 10-da rus ordusu Azərbaycanı tərk etmiş olacaq”.
Yeganə