Kosovonun şimalında Zveçan Bələdiyyəsinin Rudare bölgəsində yerli serblərin qurduğu barrikadaların yaxınlığında Avropa Birliyinin Qanunun Aliliyi Missiyasının (EULEX) patrul komandası səs bombası ilə hücuma məruz qalıb.
Elchi.az xəbər verir ki, EULEX-dən verilən açıqlamaya görə, şənbə günü axşam saatlarında baş verən hücumda xəsarət alan və dağıntı olmayıb.
Hücumu şiddətlə qınayan və bu hücumların qəbuledilməz olduğunu dilə gətirən EULEX, Kosovo qurumlarını hadisənin səbəbkarlarını məsuliyyətə cəlb etməyə çağırıb.
Bəyanatda EULEX-in Kosovonun sabitliyini dəstəkləmək və bütün vətəndaşların təhlükəsizliyinə töhfə vermək üçün qətiyyətlə işləməyə davam edəcəyi bildirilib.
“Bu hücum və Kosovo Polisi üzvlərinə edilən hücumlar qəbuledilməzdir. Biz beynəlxalq ictimaiyyət də daxil olmaqla Kosovonun şimal bölgəsində silahlı şəxslərin törətdiyi zorakılığı qətiyyətlə pisləyirik”.
EULEX və NATO-nun Kosovo Sülhməramlı Qüvvələri (KFOR) komandaları da Rudaredə, Kosovo serblərinin qurduğu barrikadaların yaxınlığında yerləşdirilib.
Kosovo polisinin dünən verdiyi açıqlamada ölkənin şimalında yolları bağlayan müəyyən cinayətkar qrupların üzvlərinin Bernjak sərhəd keçidinə gedən yolda Ujman gölü yaxınlığında növbətçi polislərə atəş açdığı bildirilib.
Şayəstə