Kəlbəcərdə iclas keçirildi

90

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti səyyar iclası Kəlbəcər rayonunda keçirilib.
Bu barədə Elchi.az-a ANAMA-dan məlumat verilib.
Tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda açılış nitqi ilə çıxış edən Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərəfindən illik tədbirlər planına uyğun həyata keçirilən işlərin gedişatı barədə məlumat verib.
Habelə, mina təhlükəsi ilə mübarizə fəaliyyətində qurumların birgə təmizləmə layihələrinin icrasının, Agentlik tərəfindən aparılan monitorinq və keyfiyyətə nəzarət yoxlamalarının keçirilməsinin vacibliyini vurğulayıb.
İşçi Qrupda təmsil olunan Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi MN-nin humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan istehkamçıları tərəfindən 2023-cü il ərzində Kəlbəcər rayonu ərazisində yaşayış infrastrukturu, energetika və ekoloji layihələr olmaqla 4719 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini bildirib.
İclasda işğaldan azad edilmiş ərazilərdə hökumət tərəfindən müəyyən edilmiş müvafiq layihələrin icrası məqsədilə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub, eləcə də əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.
Eyni zamanda mina təhlükəsi ilə mübarizə fəaliyyətində informasiya dəstəyinə qurumlararası müştərək layihələrin icrasının vacibliyi vurğulanıb və bu sahədə birgə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kəlbəcər rayonuna səfər çərçivəsində İşçi qrup üzvləri Müdafiə Nazirliyi tərəfindən icra edilən “Yanşaq yaşayış məntəqəsi” təmizləmə layihəsi, bitmiş layihə olan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olub, layihələr barədə məlumatlandırılıblar.