İsveç və ya Finlandiyaya hücum olarsa, NATO reaksiya verəcək

39

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç və ya Finlandiyaya qarşı hər hansı hücum və ya aqressiv münasibət olarsa, NATO buna reaksiya verəcək.
Elchi.az xəbər verir ki, Stoltenberq 29-30 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuat konfransı keçirib.
İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə bağlı sualı cavablandıran Stoltenberq xatırladıb ki, iki ölkənin müraciətindən sonra imzalanan üzvlük protokolları Macarıstan və Türkiyə istisna olmaqla, 28 üzv ölkənin assambleyaları tərəfindən təsdiqlənib.
Qalan iki ölkənin də razılaşacağına inandığını bildirən Yens Stoltenberq bunun ən qısa zamanda reallaşmasına çağırıb.
Bunun ayın əvvəlində İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiyi məsələlər arasında olduğunu deyən Stoltenberq İsveç və Finlandiyanın iyun ayında Türkiyə ilə imzaladığı üçtərəfli memorandumun tələblərini yerinə yetirdiyini bildirib.
Stoltenberq İsveçin antiterror qanununu dəyişdiyini, onu daha sərtləşdirdiyini, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını və hər iki ölkənin terrorla mübarizədə uzunmüddətli əməkdaşlıq öhdəliyi olduğunu bildirib.
İki ölkənin NATO üzvlüyünün ittifaqı gücləndirəcəyini vurğulayan Stoltenberq, ABŞ və İngiltərə də daxil olmaqla bəzi ölkələrin İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verdiyini xatırladıb.
Yens Stoltenberq, “İki ölkə istər hərbi, istərsə də mülki olmaqla NATO-nun bütün fəaliyyətlərində iştirak edir. Bu o deməkdir ki, İsveç və ya Finlandiyaya qarşı hər hansı bir hücum və ya təcavüzkar rəftar olarsa, NATO-nun reaksiya verməyəcəyi ağlasığmazdır”.

Şayəstə