İsrailli sərnişinləri daşıyan təyyarə Səudiyyə Ərəbistanına məcburi eniş edib

90

Seyşel adalarından Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərində planlaşdırılmamış eniş edib.
Elchi.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, İsrailli sərnişinləri daşıyan Air Seychelles şirkətinə məxsus təyyarənin ötən gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərində məcburi eniş etdiyi bildirilib.
Açıqlamada israilli sərnişinlərin Ciddə hava limanında bir oteldə gecələdiyi qeyd edilib.
Açıqlamada, sərnişinləri köçürmək üçün Dubaydan gətirilən Air Seychelles hava yollarına məxsus ehtiyat təyyarənin Ciddədən havaya qalxdığı, sərnişinlərin yerli vaxtla saat 14.00-da Təl-Əvivə enməsinin gözlənildiyi bildirilib.
İsrail mediası 128 israilli sərnişini daşıyan təyyarənin Ciddəyə enişinin “texniki problem” səbəbindən “plansız” eniş olduğunu bildirib.
Təyyarənin Səudiyyə Ərəbistanı torpaqlarına enməsinə səbəb olan “texniki problemin” təfərrüatları nə İsrail Xarici İşlər Nazirliyi, nə də Air Seychelles aviaşirkəti tərəfindən paylaşılmayıb.

Şayəstə Hüseynova