Qəzza zolağında işğalını davam etdirən İsrail ordusunun müxtəlif nöqtələrə təşkil etdiyi hücumlarda 13 fələstinli şəhid olub. Əksəriyyəti uşaq və qadınlardan ibarət onlarla insan yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “WAFA” məlumat yayıb.
İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində Muammar ailəsinə məxsus evi bombalaması nəticəsində 12 nəfər ölüb, çox sayda insan yaralanıb.
Hücumdan sonra çökən binada yerli sakinlər və mülki müdafiə qrupları axtarış-xilasetmə işlərini davam etdirir.
İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliye Qaçqınlar Düşərgəsindəki Səad bin Əbi Vəqqas məscidini bombalaması nəticəsində 1 qadın ölüb, çoxu uşaq və qadın olmaqla onlarla insan yaralanıb.
İsrail döyüş təyyarələri də Qəzzanın müxtəlif bölgələrində bir çox nöqtəni hədəf alıb, nəticədə ölən və yaralananlar var.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 552 fələstinli həlak olub, 74 min 980 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Nuranə Məmmədova