İsrailin xarici işlər naziri Yisrael Katz bildirib ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzanı işğal etməsini nasist lideri Adolf Hitlerin hərəkətləri ilə müqayisə etməsinə cavab olaraq “arzuolunmaz şəxs” elan edilib.
Elchi.az xəbər verir ki, Katz X sosial media hesabındakı paylaşımında Braziliyanın İsraildəki səfirinin Qərbi Qüdsdəki “Yad Vaşem” Holokost Memorial Muzeyinə çağırıldığını açıqlayıb.
Braziliya prezidentinin sözlərinin “ciddi antisemit hücumu” olduğunu iddia edən Katz, “bağışlamayacaqlarını və unutmayacaqlarını” bildirib.
Katz qeyd edib ki, Braziliya prezidenti Lula da Silva “üzr istəyənə və sözlərini geri götürənə qədər İsraildə persona non qrata olacaq”.
Braziliya prezidenti Lula da Silva İsrailin Qəzzanı işğal etməsini “soyqırım” kimi qiymətləndirərək, bunu nasist lideri Adolf Hitlerin hərəkətlərinə bənzədib və Qəzza zolağında baş verənlərin “müharibə deyil, soyqırım” olduğunu deyib.
İsrailin baş naziri Benyamin Netanyahu da Lula da Silvanın sözlərinə reaksiya verib və “qırmızı xəttin keçdiyini” bildirib.
Şayəstə Hüseynova