İsrail ordusu 24 saatdan artıq reyd və hücumlardan sonra Qəzza zolağının şimalındakı Beyt Hanun qəsəbəsindən geri çəkilib.
Elchi.az xəbər verir ki, şahidlərdən alınan məlumata görə, Beyt Hanunda çoxlu evi dağıdan, əkinçilik sahələrinə ziyan vuran və qaçqın mərkəzlərindən insanları həbs edən İsrail əsgərləri bölgədən geri çəkilib.
Beyt Hanundan çıxa bilən fələstinlilər AA müxbirinə bildiriblər ki, İsrail əsgərləri qəsəbədə fələstinliləri saxlayıb, qadınlara hücum edib və sığınacaq mərkəzlərində insanlara atəş açıblar.
İsrail əsgərləri dünən Beyt Hanuna daxil olaraq köçkün fələstinlilərin sığındığı məktəbi mühasirəyə alıblar. Bildirilib ki, əsgərlər məktəbdəki bütün oğlanlardan bir-bir bayıra çıxıb soyunmağı xahiş ediblər.
İsrail əsgərlərinin Beyt Hanunda “Mehdiye əl-Şeva” məktəbinin arxasında istintaq mərkəzi quraraq orada saxladıqları şəxsləri sorğu-sual etdiyi bildirilib.
Qeyd edilib ki, əsgərlər həmçinin qadınları “silah gücü ilə” sığınacaqları tərk etməyə və Beyt Hanun qəsəbəsindən çıxmağa məcbur ediblər.
Şayəstə Hüseynova