Türkiyə ilə Suriya sərhədinin “sıfır nöqtəsində” polislə yerli sakinlər arasında toqquşma yaşanıb. Kobanidə İŞİD-in irəliləməsinə etiraz edən sakinlər sərhəd nöqtəsinədək yaxınlaşıb. Polis qüvvələri onları oradan uzaqlaşdırmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməli olub. İŞİD-ə qarşı etiraz aksiyaları İstanbulun Sultanqazi bölgəsində kütləvi davaya səbəb olub.
ANS TV-nin məlumatına görə, Mardin vilayətində Kobanidəki döyüşlər zamanı həlak olan sakinin dəfn mərasimi zamanı iğtişaş baş verib. Dəfn mərasiminə toplaşanlan ölkə hökumətindən İŞİD-ə qarşı sərt reaksiya göstərməyi tələb ediblər.
Müxtəlif şüarlar səsləndirən aksiya iştirakçıları daha sonra polisə daş atmağa başlayıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməli olub.
Van şəhərində də etirazlar səhərədək davam edib. Kobanidə baş verənlərə etirazını bildirən aksiya iştirakçıları şəhər küçələrində barikadalar qurublar. Polisin əmrinə tabe olmayan etirazçılar bir çox dükan və binaların şüşələrini sındırıb.
Kobanidə isə İŞİD silahlılarının irəliləməsi davam edir. Şəhər mərkəzində küçə döyüşləri son saatlarda da səngisə də, İŞİD-in bölgəni tamamilə ələ keçirdiyi məlumatları da yayılır. Kobani bölgəsində İŞİD-in ələ keçirdiyi strateji mövqelərdə qruplaşmanın bayraqları dalğalanmaqda davam edir. Hazırda Türkiyə ərazisindən iki qara bayraq asıldığı görünür.
Bu gün səhər saatlarında İŞİD-ə məxsus iki hərbi bazanın vurulduğu məlumatı yayılıb. Lakin orada yaşayan sakinlər və peşmergə qüvvələri hava əməliyyatlarını kifayət olmadığını və quru qoşunlarının müdaxiləsini vacib hesad edir.