Pentaqon İrandakı müharibəyə görə büdcəsini sürətlə xərcləyir, bəzi əsas xərc maddələri üzrə vəsait bir neçə həftə ərzində tükənə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat verib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ-nin hərbi idarəsi döyüş hazırlığını saxlamaq üçün təlimlərə qənaət etmək məcburiyyətində qalıb. WP yazır ki, ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri artıq iyulun sonuna qədər 2026-cı il büdcəsi çərçivəsində bir sıra xərc maddələrinə ayrılan vəsaiti tamamilə xərcləyə bilər. Ötən həftələrdə Pentaqon Konqresdən “daha təxirəsalınmaz prioritetlərin maliyyələşdirilməsi” üçün təlim və silah alışı bölməsindən 4,3 milyard dolların başqa istiqamətə yönəldilməsinə icazə istəyib və cavab gözləyir.
Qəzet xatırladır ki, Ağ Ev daha əvvəl ABŞ Konqresinə hərbi əməliyyatların maliyyələşdirilməsi üçün təcili olaraq 67 milyard dolların ayrılması barədə sorğu göndərib. Lakin Nümayəndələr Palatası iyulun 23-dən tətilə çıxmağı planlaşdırır ki, bu da pulun ayrılması ilə bağlı qərarın ən azı bir neçə həftə təxirə düşməsinə səbəb olacaq. WP qeyd edir ki, əgər Konqres maliyyələşdirməni təsdiqləməzsə, Pentaqon “daha ağrılı addımlar” atmaq məcburiyyətində qalacaq.
Məryəm





















